"İran uzun illər regionda təsir imkanlarını əsasən proksi qüvvələr vasitəsilə həyata keçirib. HƏMAS və Hizbullah kimi qruplar bu strategiyanın əsas alətləri olub və onların maliyyələşdirilməsi, təlimi və silahlandırılması SEPAH tərəfindən həyata keçirilib. Lakin son illərdə İsrail ilə bağlı hərbi əməliyyatlar fonunda bu qüvvələrin təsir imkanları xeyli zəifləyib. Xüsusilə HƏMAS artıq əvvəlki kimi aktiv hərbi fəaliyyət göstərə bilmir və Qəzza bölgəsində ciddi itkilərlə üzləşib. Husilər və İraqdakı İranmeylli qüvvələr də bəyanatlarla çıxış etsələr də, praktiki olaraq ciddi hərbi addımlar ata bilməyiblər. Bu vəziyyət İranın həmin qrupları maliyyələşdirmək və silahlandırmaq imkanlarının zəiflədiyini göstərir. Hazırda yalnız Hizbullah müəyyən dərəcədə İsrailə qarşı fəaliyyətini davam etdirir. Bununla yanaşı, İsrailin Livan hökumətinə təzyiqləri artıb və rəsmi Beyrut həm Hizbullah üzərində təsir imkanlarının məhdudluğu, həm də İsrail qarşısında zəif mövqeyi səbəbilə çətin vəziyyətdə qalıb. Nəticədə Livan faktiki olaraq balanslı mövqe tutmağa və müəyyən əməkdaşlığa məcbur olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Qeyd edək ki, İranın Yaxın Şərqdə artan hərbi-strateji fəaliyyəti son illərdə regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir. Raket proqramı, proksi qüvvələr vasitəsilə həyata keçirilən təsir mexanizmləri və Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgələrdə mövcudluğu Tehranın regional güc kimi rolunu daha da aktuallaşdırır. Eyni zamanda İsrail, ABŞ və Körfəz ölkələri ilə artan gərginlik bu təsirin hansı həddə qədər genişlənə biləcəyi ilə bağlı sualları gündəmə gətirir. Bu kontekstdə İranın hərbi doktrinası, çəkindirmə siyasəti və proksi müharibələr strategiyası yalnız regional deyil, həm də qlobal təhlükəsizlik balansına təsir edən əsas amillərdən biri kimi çıxış edir. Mövcud vəziyyət həm eskalasiya risklərini, həm də yeni diplomatik razılaşma imkanlarını paralel şəkildə gündəmdə saxlayır.
Ekspert qeyd edib ki, bütün bunlar İsrailin İranın regiondakı təsirini zəiflətmək üçün onun dəstəklədiyi silahlı qrupları siyasi və hərbi səhnədən sıxışdırmağa çalışdığını göstərir və bu prosesə ciddi müqavimət göstərilmir.
"Eyni zamanda İranın hərbi doktrinası və təhlükəsizlik sistemi də ciddi sınaq qarşısındadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və ümumilikdə nəqliyyat-logistika imkanlarının məhdudlaşması İranın iqtisadi və hərbi manevr imkanlarını daha da zəiflədir. Bu şəraitdə İranın ABŞ və İsraili çəkindirmək üçün effektiv mexanizmləri məhdud görünür. Daxili siyasi müstəvidə də müəyyən ziddiyyətlər müşahidə olunur. Müctəba Xamenei və digər güc mərkəzləri fonunda SEPAH-ın qərarvermədə artan rolu İranda hakimiyyət daxilində fikir ayrılıqlarının mövcudluğunu göstərir. Bu isə ABŞ-la danışıqlar prosesinin perspektivlərini daha da qeyri-müəyyən edir. Ümumilikdə, hərbi və iqtisadi potensial baxımından ABŞ İranla müqayisədə üstün mövqedədir. Bu səbəbdən İranın mümkün qarşıdurmada uzun müddət davam gətirməsi çətin görünür. Mövcud şəraitdə danışıqların bərpası və kompromisə nail olunması həm İran hakimiyyəti, həm də ölkə əhalisi üçün daha real çıxış yolu kimi qiymətləndirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az