Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib.
Bu barədə Aznews.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya uyğun olaraq, Azərbaycan vətəndaşları Şəhruddin Göylərov və Elşad Ələsgərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Məlumata görə, Salyan Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Şəhruddin Göylərov yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilir. O, məhkəmədən yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.
Digər şəxs - Elşad Ələsgərov isə Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə xeyli miqdarda, yəni 15 min manat dələduzluq etməkdə şübhəli bilinir. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və istintaqdan yayındığı üçün beynəlxalq axtarış elan edilmişdi.
Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Hazırda faktlarla bağlı müvafiq prosessual tədbirlər davam etdirilir.