Kopenhagenin şimal-qərbində yerləşən dəmir yolu keçidində iki qatar üz-üzə toqquşub. Hadisə nəticəsində 5 nəfər ağır yaralanıb, daha 12 nəfər isə yüngül xəsarət alıb.
Polisin məlumatına görə, qəza cümə axşamı səhər saatlarında Şimali Zelandiya bölgəsində yerləşən Hilleröd və Kagerup şəhərlərini birləşdirən xəttdə baş verib. Qatarların hər ikisində ümumilikdə 38 nəfər olub.
Böyük Kopenhagen yanğınsöndürmə xidmətinin nümayəndəsi Tim Ole Simonsen qəzanın səbəbi barədə dəqiq məlumat verə bilməyib, lakin bütün yaralıların helikopter və ya təcili yardım maşınları ilə xəstəxanaya çatdırıldığını bildirib.
Qribskov bələdiyyəsinin meri Trine Egetved hadisədən dərin sarsıntı keçirdiyini deyib. Onun sözlərinə görə, ağır yaralananlar Kopenhagendə yerləşən Milli Xəstəxanaya aparılıb.
Danimarkanın ictimai yayımçısı DR tərəfindən yayımlanan görüntülərdə ön hissələri ciddi zədələnmiş iki sarı-boz qatarın meşəlik ərazidə üz-üzə dayandığı görünür.
Rəsmilər bildiriblər ki, qəza yerli vaxtla saat 06:29-da baş verib və dərhal yanğın-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Mer qeyd edib ki, həmin dəmir yolu xətti bölgə sakinləri, işçilər və tələbələr tərəfindən geniş istifadə olunur.
Mövsüm,
AzNews.az