Daş körpünün göz yaşları

22 Sentyabr 2013 08:20 (UTC+04:00)
Müharibə miniatürləri-XII

Bilmirəm neçə yaşım vardı, o yadımdadır ki, aşağı siniflərdə oxuyurdum. Araz qırağında yaşayırdıq. Qonşu kəndlə bizim kəndin arasında geniş çöllük var idi.

Həmin çöllükdən Arazın bir qolu keçirdi və üstündən körpü salınmışdı. Novruzdan əvvəl qız-gəlinlər evdəki xalça-palazı gətirib bu çayda yuyar, mən isə "Daş körpü" deyilən yerdə şaqraq gülüşləri ətrafa səpələnən qızlara tamaşa etməkdən doymazdım.

Düşünərdim ki, görəsən bu çay haradan başlayıb, harada qurtarır. Mənə elə gəlirdi ki, bu nə zamansa açılacaq bir sirdir və həmin zaman elə də uzaqda deyil. Bax, onda bu qolun Arazdan ayrılan yerini də, uzun məsafə qət edib təzədən ona qovuşan məkanını da seyr edəcəyəm. Bilirdim ki, sərhəddən o tərəfdə Arazın kənarında qan qardaşlarımız yaşayır, ancaq mahiyyəti dərinliyinə qədər dərk etmirdim. Sadəcə bir uşaq marağı ilə o tikanlı məftilləri keçib, əvvəlcə o taydakı Arazı görmək, onun enini, dərinliyini, hətta suyunun hansı rəngdə olduğunu bilmək, sonra isə orada yaşayan insanları görmək istəyirdim.

Elə bilirdim ki, onlar adi adamlar deyil, nə isə qeyri-adilik var onlarda. Böyüdükcə maraq dairəm də artırdı. Vaxt olurdu ki, qardaşlar arasında sədd olan o tikanlı məftilləri qırıb keçmək istəyirdim. Bir dəfə beləcə düşüncələr aləmində körpünün kənarında oturub ayaqlarımı suya sallamışdım. Başımın üstündən lap yaxınlıqdan bir quş uçdu, arxasınca baxdım. Quş dünyadan xəbərsiz deyə-gülə öz işləri ilə məşğul olan qızların başı üzərində bir dövrə vurub, Araza tərəf yön tutdu. Uçdu, uçdu sonra sərhədi ötüb, Arazı da keçdi. Gözlərim qaralınca arxasınca baxdım. Ürəyimdə həyata keçməyi müşkül olan qəribə bir istək baş qaldırdı; qibtə etdim quşa. Necə də xoşbəxt idi o! Kaş bir quş olaydım mən də. Heç bir sərhəddi-filanı, hətta zamanı, məkanı belə nəzərə almadan uça biləydim.

Bu gün üstündən neçə illər ötdükdən sonra o günləri xatırlamaq nə qədər çətin və ağrılıdır. Sevimli məskənim "Daş körpü"nü, çay kənarını, həyətimizi, doqqazdakı qoz ağacını, onun altındakı köhnə skamyanı, doğmaca evimizi görmək üçün quş olmaq istəyirəm. Bağçamızdakı çiçəklər üçün, məktəbimizin həyətində öz əllərimizlə əkdiyimiz güllər üçün burnumun ucu göynəyir. Orta məktəbi qurtarandan sonra müəllimlərimlə rastlaşanda deyirdilər ki, yerə qar düşüncə, şaxta vurunca sizin əllərinizin zəhməti çiçək açır məktəbin həyətində. Bəs, görəsən indi necədir o yerlər?

Axırıncı dəfə kəndimizə 1993-cü ilin yayında gedəndə işıq kəsilmişdi, istilik yox idi, kənddə ölüm sükutu hökm sürürdü. Heç kim dinib danışmırdı. Elə bil bir-birinin dilindən hansısa bəd xəbər eşidəcəklərindən qorxurdular. Gündə iki dəfə – bir səhər, bir axşam sərnişin qatarının müdhiş fitindən başqa hər şey susurdu.

…Bakıdan gedən qatardan səhər düşdüm. Yenə dördüncü vaqonda gəlirdim. Çünki həmin vaqon darvazamızın tuşunda dayanırdı. Darvaza bağlı idi. Özüm bildiyim yolla həyətə girdim. Elə bil həyat qurtarmışdı. Həyətdə toyuq-cücənin də səsi gəlmirdi. Evin arxasına keçdim. Anam inək sağırdı. Məni görcək vedrəni kənara itələyib qarşıma yüyürdü. Sevincindən məni qucaqlayıb ağlaya-ağlaya:

- Nə yaxşı gəldin, bala-dedi.

Sonra isə tələsik:

- Niyə gəlmisən, kim icazə verdi sənə, qurd ürəyi yemisən, ay qız…?- deyə danladı məni.

Ordan elə həmin gün nələri yaşayıb, necə qayıtmağımı əvvəlki yazılarda danışmışam. (Cəbrayıldan gələn son qatar)
O gündən həyatımda bir cüt göz ağlayır. Kəndimizin, "Daş körpü"nün gözlərindən tökülən o yaşı məni hər gün yandırır. Görəsən, ürək əvəzinə sinəsində daş gəzdirənlər o göz yaşlarını görmürlərmi?...

Görəsən, "Gecə-gündüz sizi qoynumda bəslədim ki, məni yad ayaqlara tapdaq edəsiniz?"- deyə hayqıran torpağın harayı onların qulaqlarını deşmirmi? Görəsən, yaz qabağı onların da burnuna çəmən qoxusu, bənövşə ətri gəlmirmi? … Ayaqyalın-başıaçıq qaçıb o torpağı qucmaq, qoxusunu doyunca ciyərlərinə çəkmək yanğısı göynətmirmi onların quru, boş qəlblərini?!

Qışda boş qalmış çöllərinə yağan qarın, yazda gül-çiçəyə bürünən çəmənliyin üçün, payızda xalını andıran meşəliyin üçün, yayda toz-torpağın üçün belə darıxıram… Evimiz, bacamız, boş divarlarımız, təndirimiz, hovuzumuz, yolumuz, yolağamız üçün, yovşanlığın, bulaqların üçün darıxıram, doğma torpağım və inanıram, inanıram ki, bir gün sənin qoynunda boy atan, bulaqların suyundan içən oğulların xilas edəcək səni yad caynağından… Əvvəlki xoşbəxt günlərin qayıdacaq özünə. Kaş… həmin gün quş tək qanad açıb sənin təmiz səmalarından seyr edəydim firavan günlərini. Sonra, da həsrətindən qovurulduğum torpağına gömüləydim…

Lent.az