"İndiki mərhələdə həm Tehran, həm də Vaşinqton mümkün danışıqların ikinci raunduna daha güclü mövqedən getməyə çalışır. Hər iki tərəf “kozır”a sahib olmaq və qarşı tərəfin mövqeyini zəiflətmək istəyir. Tehran isə danışıqlara qədər öz şərtlərinin qəbul olunmasını tələb etməklə həm daxili ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya mesaj verir. Yəni göstərmək istəyir ki, proses onun tələbləri əsasında formalaşır və ABŞ bu şərtlərə uyğun hərəkət edir. Bu yanaşmanın həm də psixoloji və siyasi təsir məqsədi var. Hörmüz boğazı ətrafında yaranan gərginlik isə ən həssas məqamlardan biri kimi qalır və bu məsələnin danışıqlarda əsas düyün nöqtələrindən olduğu düşünülür".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin rəhbəri və İran Parlamentinin (Məclis) sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ Prezidenti Donald Trampın atəşkəs rejimini uzatması yalnız İran üzərində dəniz blokadasının ləğvi və Livanda döyüşlərin tam dayandırılması şərti ilə mümkün və məntiqli ola bilər.
Siyasi şərhçi qeyd edib ki, mövcud vəziyyətdə yaxın günlərdə danışıqların növbəti raundunun baş tutması və tərəflərin tam konstruktiv mövqe sərgiləməsi real görünmür.
"Bununla belə, bu, müharibənin yenidən başlanacağı anlamına gəlmir. Çünki həm İran, həm də ABŞ anlayır ki, genişmiqyaslı hərbi qarşıdurma hər iki tərəf üçün ciddi risklər yaradır. Ona görə də daha məntiqli yol dialoq xəttinin qorunması və qarşılıqlı kompromisə əsaslanan danışıqlara qayıdılmasıdır. Lakin hazırkı ritorika bu istiqamətdə müsbət gözlənti yaratmır".
Rəfiqə Namazəliyeva,
AzNews.az