""3+3" platforması hələlik ideya və müzakirə mövzusu olaraq qalır. Konkret nəticədən o zaman danışmaq olar ki, "3+3” adından da göründüyü kimi Cənubi Qafqazın üç ölkəsi və regiona sərhəd üç dövlət — Türkiyə, İran və Rusiya — səmimi şəkildə bir araya gəlsinlər, konkret razılaşmalar əldə olunsun, bütün tərəflərin iştirakı ilə sənədlər və tərəfdaşlıq müqavilələri imzalansın və bu razılaşmalar real şəkildə icra edilməyə başlasın. O zaman artıq nəticədən danışmaq mümkündür. Amma hazırda, təəssüf ki, bu, hələ müzakirə səviyyəsindədir və onun reallığa çevrildiyini demək mümkün deyil. Doğrudur, "3+3" formatına daxil olan dövlətlər ayrı-ayrılıqda, eləcə də ikitərəfli, üçtərəfli, bəzən isə dördtərəfli formatlarda görüşlər keçirirlər, ortaq qərarlar qəbul olunur və razılaşmalar əldə edilir. Tərəflər niyyət məktubları imzalayır, əməkdaşlıqdan danışırlar, bəzi razılaşmalar isə ikitərəfli formatda icra olunur. Bəzən üçtərəfli əməkdaşlıq da həyata keçirilir, lakin hələlik altıtərəfli bir platformanın real icrasını görmürük".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfindən irəli sürülən “3+3” platforması Cənubi Qafqazda sülh və iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlmiş regional əməkdaşlıq təşəbbüsü kimi çıxış edir. Format Cənubi Qafqaz ölkələri — Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də Türkiyə, İran və Rusiyanı bir araya gətirməyi nəzərdə tutur. 2024-cü ilin oktyabrında İstanbulda keçirilən üçüncü görüşdən sonra yeni toplantı baş tutmayıb. Bakı və İrəvanda keçirilməsi planlaşdırılan növbəti görüşlərin reallaşmaması isə platformanın gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır. Bu səbəbdən “3+3” hələlik tam işlək mexanizmə çevrilməyib və daha çox siyasi dialoq mərhələsində qalır.
Siyasi şərhçi qeyd edib ki, bunun müəyyən səbəbləri var və əsas məhdudiyyətlər iki istiqamətdə cəmlənir.
"Birincisi Azərbaycan–Ermənistan münasibətləridir. Münaqişənin uzun müddət davam etməsi, işğal dövrü, Qarabağın işğaldan azad edilməsindən sonra Xankəndidə mövcud olmuş separatçı rejimin müəyyən müddət qalması, daha sonra antiterror əməliyyatları nəticəsində həmin qurumun tamamilə aradan qaldırılması və bunun ardınca Azərbaycan–Ermənistan danışıqlarının başlaması, lakin hələ də sülh müqaviləsinin imzalanmaması əsas problemlərdəndir. İkinci əsas maneə isə Gürcüstan–Rusiya münasibətlərinin gərgin olaraq qalmasıdır. Çünki Azərbaycan–Ermənistan münasibətləri artıq sülh müqaviləsinin paraflanması mərhələsinə qədər irəliləyib. Burada yalnız Ermənistan Konstitusiyasına dəyişiklik və daha sonra sülh müqaviləsinin imzalanması qalır ki, bu da regional kommunikasiyaların, ikitərəfli və çoxtərəfli əlaqələrin, nəqliyyat xətlərinin açılmasını asanlaşdıra bilər və bunun reallaşmasına şərait yaradar. Lakin Gürcüstan–Rusiya münasibətləri hələ də kritik olaraq qalır, tərəflər arasında barışıq müşahidə olunmur. Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələsi də hələ tam həllini tapmayıb. Separatçı rejimlər bölgədə mövcudluğunu davam etdirir və təəssüf ki, "3+3" formatında iştirak etdiyini iddia edən Rusiya tərəfi Gürcüstanın ərazi bütövlüyünə zidd addımlar atmaqda və separatçı rejimləri dəstəkləməkdə davam edir. Bu isə hazırda formatın tam reallaşmasına əsas maneələrdən biridir. Lakin Azərbaycan–Ermənistan sülhü imzalansa və Gürcüstan–Rusiya münasibətləri normallaşsa belə, "3+3" formatı dərhal həyata keçəcək mexanizm deyil. Çünki bu platformada Cənubi Qafqaz ölkələri ilə yanaşı Türkiyə, İran və Rusiya kimi dövlətlər də iştirak edir və bu ölkələr tarixən bir-biri ilə fərqli və ziddiyyətli mövqelərdə olublar. Osmanlı dövləti və Rusiya imperiyası arasındakı tarixi rəqabət, eləcə də regionda müxtəlif dövrlərdə formalaşmış güc balansları bunu göstərir. Bu gün də xüsusilə Cənubi Qafqazda bu üç güc mərkəzinin maraqları çox vaxt üst-üstə düşmür. Ona görə də bu ziddiyyətlərin aradan qaldırılması əvvəlcə Azərbaycan–Ermənistan sülhünün təmin olunmasından və Gürcüstan–Rusiya münasibətlərinin normallaşmasından keçir. Bundan sonra isə əlavə məsələlər ortaya çıxacaq və tərəflərin razılaşması müəyyən zaman tələb edəcək. Amma bu, "3+3" formatının perspektivsiz olduğu anlamına gəlmir. Əksinə, tərəflər səmimi olarsa və bərabərhüquqlu əməkdaşlığa sadiq qalsalar, bu platforma Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsi, eləcə də Türkiyə, İran və Rusiyanın regional maraqlarının tənzimlənməsi baxımından effektiv mexanizmə çevrilə bilər. Ona görə də illərdir bu mövzu gündəmdə qalır və tərəflər bundan tam imtina etmirlər. Əgər heç bir perspektiv olmasaydı, bu format artıq çoxdan unudulardı. Hazırda da "3+3" məsələsi müzakirə olunur və tərəflər bu istiqamətdə işləməyə davam edirlər. Çünki bu, gələcəkdə bütün tərəflərə müəyyən fayda verə biləcək bir əməkdaşlıq modelidir. Bunun üçün isə əsas şərt qarşılıqlı hörmətin, hüquqlu münasibətlərin və səmimi əməkdaşlıq mühitinin formalaşmasıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az