“15 mart nəticələri abituriyentlərin psixoloji hazırlığı və vaxt idarəetməsi ilə bağlıdır” – Məzahir Məmmədli

23 Aprel 2026 20:25 (UTC+04:00)

"Bu dəyişiklik ancaq 9 mart imtahanından sonra formalaşan təcrübə və abituriyentlərin psixoloji hazırlıq səviyyəsi ilə bağlıdır. Həmin imtahanda iştirak edən abituriyentlər növbəti mərhələyə girənlər üçün müəyyən mənada bir istiqamət və təcrübə formalaşdırdılar. Onlar xüsusilə Azərbaycan dili fənnində açıq tipli sualların vaxt aparıcı olduğunu vurğuladılar və bu müzakirələr sonrakı imtahana hazırlaşanlara əlavə psixoloji üstünlük qazandırdı. Bu baxımdan 15 mart imtahanına daxil olan abituriyentlər həm daha məlumatlı, həm də psixoloji cəhətdən daha hazırlıqlı idilər. Görünən odur ki, imtahan suallarının səviyyəsi də əvvəlki ilə nisbətən dəyişməyib. Çünki Dövlət İmtahan Mərkəzinin test bankı əvvəlcədən hazırlanır və qısa müddətdə əsaslı dəyişikliklərin edilməsi real deyil. Sualların həm birinci, həm də ikinci imtahanda eyni standartlara uyğun — asan, orta və çətin səviyyələr üzrə tərtib edildiyini demək olar. Nəticədə 15 mart imtahanında 9 nəfərin maksimum bal toplaması daha çox abituriyentlərin vaxt idarəetməsi, psixoloji hazırlıq və imtahan strategiyası ilə izah oluna bilər".

Qeyd edək ki, 15 mart 2026-cı il tarixində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri, 9 martda baş tutmuş əvvəlki imtahanla müqayisədə diqqətçəkən dinamika nümayiş etdirir. Belə ki, 15 mart imtahanında 9 şagird maksimum — 300 bal nəticə göstərdiyi halda, 9 mart imtahanında bu göstərici cəmi 3 nəfər olmuşdu. Bu fərq imtahan nəticələrində yüksək nəticə göstərən şagird sayının artdığını göstərən əsas indikatorlardan biri kimi dəyərləndirilir.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Ekspert qeyd edib ki, abituriyentlər açıq tipli sualların daha çox vaxt tələb etdiyini əvvəlcədən bildikləri üçün imtahan zamanı vaxtlarını daha düzgün bölüşdürə biliblər və həyəcan faktorunu minimuma endirə biliblər.

"Ümumilikdə, son illərin göstəricilərinə baxdıqda da ciddi dalğalanmalar müşahidə olunur: 2021-ci ildə 2 nəfər, 2022-ci ildə 2 nəfər, 2023-cü ildə isə heç kim maksimal bal toplamayıb. Pandemiya dövründən sonrakı illərdə isə bu rəqəmlər kəskin artaraq 2024-cü ildə 53 nəfərə, 2025-ci ildə 44 nəfərə çatıb. Bu isə tədrisdə inqilabi dəyişiklikdən çox, imtahanların ağırlıq dərəcəsi və qiymətləndirmə mexanizmləri ilə əlaqələndirilə bilər. Bu səbəbdən hazırkı nəticələr tədris keyfiyyətində radikal dəyişiklikdən çox, imtahan modelinin xüsusiyyətləri və abituriyentlərin uyğunlaşma səviyyəsi ilə izah olunur. Növbəti mərhələlərdə isə imtahanların daha balanslı və abituriyentlərin bilik və bacarıqlarını daha dəqiq ölçən formatda olması daha məqsədəuyğun hesab edilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az