Qarışqaların izini itirən 6 sadə üsul

24 Aprel 2026 09:52 (UTC+04:00)

Havaların isinməsi ilə bərabər evlərdə görünməyə başlayan qarışqalar bəzən əsl baş bəlasına çevrilir. Xüsusən mətbəxdə və qida saxlanılan yerlərdə qəfil peyda olan bu həşəratlardan xilas olmaq üçün bahalı kimyəvi vasitələrə ehtiyac yoxdur.

Ev şəraitində hazırlanan sadə üsullarla qarışqaların izini birdəfəlik silmək mümkündür.

Qabartma tozu və uşaq pudrası

Qarışqaların hərəkət istiqamətinə və yuva girişlərinə qabartma tozu səpmək olduqca effektivdir. Bu toz həşəratların tənəffüs yollarını qapatdığı üçün onlar həmin ərazidən uzaq durmağa çalışırlar. Eyni təsiri uşaq pudrası ilə də əldə etmək olar. Qapı ağzı və pəncərə kənarlarına çəkilən pudra səddi çöldən yeni koloniyaların daxil olmasının qarşısını alır.

Sabunlu suyun gücü

Qarışqalar yollarını tapmaq üçün xüsusi qoxu izləri buraxırlar. Maye sabun və ya yuyucu vasitə qarışdırılmış su ilə həmin yerləri silmək bu izləri tamamilə yox edir. Bir litr suya dörddə bir fincan sabun əlavə edərək hazırladığınız qarışığı sprey şüşəsinə doldurub divar deşiklərinə və giriş yollarına püskürtmək kifayətdir.

Sirkə ilə qoxu baryeri

Ağ sirkə həm ucuz, həm də təhlükəsiz üsuldur. Sirkəni su ilə yarıbayarı qarışdırıb pəncərə kənarlarına və döşəməliyin (plintus) altına sıxdıqda qarışqalar istiqaməti itirirlər. Əgər sirkə qoxusundan xoşunuz gəlmirsə, qarışığa bir neçə damcı efir yağı əlavə edə bilərsiniz.

Portağal qabıqlarından təbii dərman

Limon və portağal qabıqlarında qarışqalar üçün zəhərli sayılan maddələr var. Qabıqları bir neçə gün suda saxlayıb alınan mayeni qarışqaların toplandığı yerlərə vursanız, onların qısa müddətdə yoxa çıxdığını görəcəksiniz.

Boraks və şəkər qarışığı

Ən kəskin üsullardan biri boraksdan istifadədir. Onu şəkər tozu və ya şirin şirə ilə qarışdırıb yem kimi qarışqaların yoluna qoymaq lazımdır. Lakin diqqətli olmalısınız ki, evdə kiçik uşaq və ya ev heyvanı varsa, bu üsuldan istifadə etmək təhlükəli ola bilər.

Tozsoranla təmizlik

Heç bir qarışıq hazırlamaq istəmirsinizsə, tozsoran ən sürətli köməkçidir. Dar başlıqlar vasitəsilə qarışqaları və onların buraxdığı izləri saniyələr içində yox etmək mümkündür. Bu üsul həm ekoloji cəhətdən təmizdir, həm də artıq enerji tələb etmir.//Demokrat.az