Pentaqon tərəfindən ABŞ hökumətinə göndərildiyi iddia edilən bir e-poçt, NATO daxilində müttəfiqlərə münasibətdə diqqətçəkən variantları gündəmə gətirib. İddiaya görə, İrana qarşı hərbi əməliyyatlarda Vaşinqtona dəstək verməyən ölkələrin alyansdakı mövqelərinin yenidən qiymətləndirilməsi təklif olunub.
“DƏSTƏK VERMƏYƏN MÜTTƏFİQLƏRƏ SANKSİYA SEÇİMLƏRİ”
Reuters-ə danışan adı açıqlanmayan bir amerikalı rəsmi bildirib ki, sözügedən e-poçtda NATO üzvlərinə dair müxtəlif ssenarilər yer alıb.
Bu ssenarilər arasında alyansa dəstək vermədiyi iddia olunan ölkələrin cəzalandırılması və NATO daxilində təsir imkanlarının azaldılması kimi variantlar da var.
İSPANİYANIN NATO-DAN ÇIXARILMASI GÜNDƏMDƏ
İddialara görə, siyahıda ən diqqət çəkən variantlardan biri İspaniyanın NATO-dan çıxarılması olub.
Həmçinin bəzi ölkələrin alyans daxilində “mühüm və nüfuzlu vəzifələrdən uzaqlaşdırılması” kimi alternativlərin də müzakirə edildiyi bildirilir.
“ÜS GİRİŞİ VƏ UÇUŞ İCAZƏLƏRİNƏ NARAZILIQ”
E-poçtda NATO müttəfiqlərinin ABŞ-ın İran əməliyyatları çərçivəsində baza istifadəsi və uçuş icazələri ilə bağlı tərəddüdlərindən narazılığın ifadə olunduğu da iddia edilir.
Bu vəziyyətin Vaşinqton tərəfindən alyans daxilində həmrəyliyin zəifliyi kimi qiymətləndirildiyi qeyd olunur.
AVROPAYA “SİYASİ MESAJ” VURĞUSU
İddia olunur ki, bu variantlar yalnız hərbi deyil, eyni zamanda siyasi mesaj xarakteri daşıyır.
Məqsədlərdən birinin NATO daxilində ölkələrin “haqq sahibi olma” yanaşmasını azaltmaq və daha güclü koordinasiya təmin etmək olduğu bildirilir.
FOLKLEND ADALARI VARİANTI DİQQƏT ÇƏKDİ
İddialarda ABŞ-ın Böyük Britaniya ilə münasibətlərinə dair mümkün diplomatik qiymətləndirmənin də yer aldığı qeyd olunur.
Buna görə, Folklend Adaları ilə bağlı Vaşinqtonun mövqeyinin yenidən nəzərdən keçirilməsi variantlar arasında göstərilir. Adalar uzun müddətdir Argentina ilə Böyük Britaniya arasında suverenlik mübahisəsinin mövzusudur.
PENTAQONDAN “DAXİLİ QİYMƏTLƏNDİRMƏ” AÇIQLAMASI
Pentaqon sözçüsü iddialarla bağlı açıqlamasında bildirib ki, müttəfiqlərin öhdəliklərini yerinə yetirməsi vacibdir və Prezidentə müxtəlif siyasət variantlarının təqdim olunması adi prosedurdur.
ABŞ Prezidenti Donald Trump isə daha əvvəl NATO müttəfiqlərini bəzi əməliyyatlara kifayət qədər dəstək verməməkdə tənqid etmiş və alyansdan çıxmaq ehtimalını gündəmə gətirmişdi.
Mövsüm,
AzNews.az