​“Ermənistan artıq regional layihələrdən kənarda qalmağın fəsadlarını dərk edir” – Aydın Hüseynov

24 Aprel 2026 17:35 (UTC+04:00)

"Zəngəzur dəhlizi, digər adı ilə Tramp layihəsi və ya Trump marşrutu strateji baxımdan olduqca əhəmiyyətli təşəbbüsdür. Bu marşrut xüsusilə yüklərin daşınması və nəqliyyat logistika sahəsində mühüm rol oynayır. Bu kontekstdə Azərbaycanın rolu olduqca yüksəkdir. Ölkə həm Transxəzər marşrutu, həm də dəmir yolu vasitəsilə şərqdən qərbə, eləcə də şimaldan cənuba istiqamətlər üzrə yük daşımalarında artıq ciddi nailiyyətlər əldə edib. Hər il daşınan yüklərin həcmi artır və yaxın perspektivdə 15 milyon tonluq göstərici hədəflənir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı yeni mərhələnin başlama tarixini açıqlayıb. Onun sözlərinə görə, layihənin icrası yaxın illərdə aktiv fazaya keçəcək və 2026-cı ildən etibarən əsas infrastruktur işlərinə başlanması planlaşdırılır. Baş nazir qeyd edib ki, ilkin mərhələdə enerji infrastrukturunun, xüsusilə elektrik ötürücü sistemlərin qurulması prioritet təşkil edəcək. O, layihənin təkcə enerji təhlükəsizliyinə deyil, eyni zamanda əmək bazarına da müsbət təsir göstərəcəyini vurğulayıb. Paşinyan əlavə edib ki, hökumət yerli kadrların işlə təmin olunmasına üstünlük verilməsini hədəfləyir və bu istiqamətdə xarici işçi qüvvəsinə ehtiyacın minimum səviyyədə saxlanılması nəzərdə tutulur.

Deputat qeyd edib ki, Ermənistan uzun illər apardığı işğalçı siyasət nəticəsində regionda həyata keçirilən iri iqtisadi layihələrdən kənarda qalıb.

"Lakin artıq Ermənistan cəmiyyətində bu reallığı dərk edənlər var. Aydın şəkildə görünür ki, ölkənin iqtisadi gələcəyi regional layihələrdə iştirakdan və kommunikasiyaların açılmasından keçir. Bu baxımdan Nikol Paşinyanın Tramp layihəsi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanın iqtisadi maraqları prizmasından qiymətləndirilə bilər. Ümumilikdə isə bu marşrut yalnız region üçün deyil, qlobal iqtisadiyyat üçün də böyük əhəmiyyət daşıyır. Layihənin reallaşmasında və müasir nəqliyyat yanaşmalarının tətbiqində Azərbaycanın rolu xüsusilə önəmlidir. Ermənistan da bu təşəbbüslərdə iştirak etməklə öz iqtisadi dayanıqlığını təmin edə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az