"Hesab edirəm ki, Ermənistan hakimiyyəti SSRİ-nin dağılmasından sonra əldə etdiyi müstəqilliyi ilk mərhələdə real və funksional dövlətçiliyə çevirmək imkanı qazanmışdı. Lakin bu fürsət getdikcə itirildi. Yəni Ermənistan müstəqilliyin ilk illərindən etibarən formal xarakter daşıyan bir dövlət modelinə keçid etdi. Ermənistan uzun müddət forpost kimi fəaliyyət göstərdi və bu asılılıq vəziyyətindən hələ də tam şəkildə çıxa bilmir. Bir dövrdə Rusiyanın forpostu rolunu oynayan Ermənistan indi də eyni istiqamətdə müəyyən siyasi meyllər nümayiş etdirir. Paralel olaraq, Qərb ölkələrinin və Avropa İttifaqının təsir dairəsinə daxil olmağa cəhd göstərir və bu istiqamətdə addımlar atılır. Müşahidə olunan əsas reallıq da məhz bundan ibarətdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, parlament seçkilərinə hazırlaşan Ermənistanda siyasi proseslər getdikcə daha da gərgin xarakter alır. Seçkinin nəticələri Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin gələcəyi baxımından da həlledici əhəmiyyət daşıyır. Bu səbəbdən Moskvanın özünə yaxın siyasi qüvvələrin Ermənistan parlamentində çoxluq qazanmasına çalışdığı bildirilir. Bunun üçün müxtəlif siyasi təsir mexanizmlərinin işə salındığı qeyd olunur. Ermənistanın hazırkı baş naziri isə bu təzyiqlərə qarşı müqavimət göstərməyə çalışır.
Siyasi şərhçi qeyd edib ki, belə bir şəraitdə həm Rusiya, həm də Avropa İttifaqı ölkələrinin Ermənistandakı seçki proseslərinə təsir imkanları mövcuddur və onlar bu imkanlardan istifadə etməyə çalışırlar.
"Nəticənin Rusiyanın, yoxsa Avropanın maraqlarına uyğun olacağını isə proseslərin gedişi göstərəcək. Hazırkı mərhələdə daha çox Qərb təsiri müşahidə olunur və Paşinyan proseslərdə hələlik üstün mövqedə görünür. Ehtimal etmək olar ki, o, bu üstünlüyü qorumağa çalışacaq. Ümumilikdə isə həm Rusiya, həm də Qərb Ermənistandakı seçkilərə ciddi şəkildə təsir göstərir. Hər iki tərəfin dəstəklədiyi siyasi qruplar mövcuddur və bu qruplar üçün Ermənistanın milli maraqları deyil, daha çox xarici güclərin maraqları ön plana çıxır. Müşahidə olunan vəziyyət bundan ibarətdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az