İctimai TV-də direktor seçkisi ilə bağlı telekanal rəsmisindən açıqlama

25 Aprel 2026 13:25 (UTC+04:00)

Aprelin 24-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Yayım şurasının üzvü Azər Həsrət məlumat verib.

O bildirib ki, iclasda ümumi gündəlikdə olan mövzular müzakirə edilib, maliyyə məsələlərinə baxılıb, 2025-ci ilin hesabatı qəbul edilib.

“Baş direktorun seçkisi ilə bağlı müzakirə aparılmadı. Çünki hələ ki vakansiya elanı verilib, mayın 8-dək namizədliklər irəli sürüləcək. Bundan sonrakı iclasların birində, təxminən mayın sonunda baş direktor seçkisi baş tutacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.

Aznews.az