Elm dünyası pivənin tərkibindəki qida dəyərlərinə fokuslanan yeni bir araşdırmanı müzakirə edir. Aparılan araşdırmalar göstərib ki, arpa, buğda və mayadan gələn B6 vitamini istehsal prosesi zamanı itmir və bir porsiya pivə gündəlik vitamin ehtiyacının mühüm hissəsini qarşılaya bilir.
65 FƏRQLİ PİVƏ TEST EDİLDİ: ÇEMPİON “BOCK” NÖVÜ
Almaniyadakı marketlərdən alınan 65 fərqli pivə növü üzərində aparılan testlərdə vitamin səviyyələri ayrı-ayrılıqda ölçülüb. Nəticələrə görə, ən yüksək B6 tərkibi Alman “bock” tipli pivələrdə aşkar edilib.
Onu müvafiq olaraq lager, tünd lager və buğda pivələri izləyib. Xüsusilə orta hesabla bir lager pivəsinin gündəlik B6 ehtiyacının təxminən 20%-ni qarşıladığı müəyyən olunub.
ALKOQOLSUZ PİVƏDƏ VİTAMİN DAHA ÇOXDUR
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri alkoqolsuz pivələrlə bağlı olub. Tam fermentasiyadan sonra alkoqolu çıxarılan pivələrin vitamin dəyərini daha yaxşı qoruduğu müşahidə edilib. Test edilən alkoqolsuz lagerlərdən birinin təkbaşına gündəlik B6 ehtiyacının 59%-ni qarşıladığı müəyyən edilib. Düyü əsaslı pivələr isə siyahının sonunda yer alıb.
PROFESSOR RİXLİK: “ÖLÇÜLƏ BİLƏN MİQDARDIR”
Tədqiqatın rəhbəri professor Michael Rixlik bildirib ki, bir litr pivədə 0,3 mq ilə 1 mq arasında B6 vitamini ola bilər.
Rixlik qeyd edib ki, alkoqol limiti daxilində qalındığı halda bu miqdar “ölçülə bilən və diqqətəlayiqdir”, lakin nəticələr daha çox “vitamin qəbulunu optimallaşdırmaq istəyənlər” üçün texniki məlumat xarakteri daşıyır.
İNGİLİS MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ: “ƏSAS MƏNBƏ DEYİL”
İngiltərə Qidalanma Fondundan Bridget Benelam araşdırmaya ehtiyatla yanaşıb. O bildirib ki, B6 vitamini ət, balıq, noxud və yulaf kimi bir çox qidada bol miqdarda mövcuddur:
“Pivə və ya hər hansı alkoqollu içkinin əsas qida mənbəyi kimi qəbul edilməsini heç vaxt tövsiyə etmirik. Alkoqol az miqdarda belə olsa, ciddi sağlamlıq riskləri yaradır. Bu vitamin sağlam qidalanma ilə onsuz da asanlıqla əldə edilə bilər.”
Mütəxəssislər xüsusilə veganların B6 deyil, daha çox heyvani məhsullarda olan B12 və riboflavin (B2) vitaminlərinə diqqət yetirməli olduqlarını bildirirlər. B6 çatışmazlığı nadir hallarda rast gəlinir, lakin olduqda yorğunluq və ürəkbulanma kimi əlamətlər yarada bilər.