Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər marşrutu üzrə memorandum və sazişlər imzalanıb.
AzNews.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib.
Görüşdə qeyd olunub ki, TBNM son illər qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır.
Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.
Sonda TBNM BA Hüquqi Şəxslər Birliyinin yekun protokolu, Multimodal yük daşımalarının rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair Memorandum, eləcə də TBNM üzrə Xəzər dənizinin limanları və terminalları arasında konteyner daşımalarının təşkili, konteyner gəmilərinin yüklənməsinin təmin edilməsi və blok-qatarlarla daşımaların təşkili üzrə qarşılıqlı fəaliyyət və məsuliyyət tədbirləri haqqında üç saziş imzalanıb.
Tədbir çərçivəsində R.Rüstəmov və "Qazaxıstan Dəmir Yolu" Milli Şirkətinin (KTZ) rəhbəri Talqat Aldıbergenovun görüşü keçirilib.
Görüşdə iki ölkə arasında dəmir yolu sahəsində əməkdaşlığın uğurla davam etdiyi, həmçinin rəqəmsallaşma istiqamətində nəzərəçarpan irəliləyişlərin əldə olunduğu bildirilib.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi, ADY-nin Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında koordinasiyanın gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.