​“Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu oynayır” – Hikmət Babaoğlu

27 Aprel 2026 17:00 (UTC+04:00)

"Hazırda dünyanın iki mühüm strateji qütbü hesab olunan Şərqi Avropa və Yaxın Şərqdə hadisələrin dramatik inkişafı kritik həddə çatıb. Bu vəziyyət Avropa və Asiyanın böyük bir hissəsində təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırır. Baş verən proseslər göstərir ki, mövcud şəraitdə yeni və daha etibarlı enerji təminatına, davamlı və təhlükəsiz kommunikasiya xətlərinə, eləcə də daha sabit strateji tərəfdaşların seçilməsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan çex siyasətçisi Andrey Babişin Azərbaycana səfərini bir neçə müstəvidə qiymətləndirmək mümkündür. Səfəri həm Çexiya–Azərbaycan ikitərəfli münasibətləri, həm Avropa İttifaqı–Azərbaycan əlaqələri, həm də Mərkəzi Asiya ölkələri ilə Avropa arasında formalaşan yeni əməkdaşlıq platforması kontekstində təhlil etmək olar. Çünki bu istiqamətlərin hər biri hazırda aktualdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, son dövrlərdə Cənubi Qafqaz regionunda geosiyasi dinamika daha da intensivləşib. Qlobal güclər arasında rəqabətin artması, enerji təhlükəsizliyi məsələləri və nəqliyyat dəhlizlərinin əhəmiyyəti region ölkələrinə marağı artırır. Bu kontekstdə Avropa siyasi fiqurlarının Bakıya səfərləri xüsusi diqqət çəkir. Çex siyasətçisi Andrey Babişin Bakı ilə bağlı gündəmə gələn səfəri də bu baxımdan müxtəlif suallar doğurur.

Deputat qeyd edib ki, ilk növbədə ikitərəfli münasibətlərə nəzər saldıqda, səfərin həm Çexiya, həm də Azərbaycan üçün konkret məqsədləri olduğu aydın görünür.

"Azərbaycan üçün əsas prioritetlər təhlükəsizlik, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində əlaqələrin inkişafıdır. Çexiya üçün isə enerji resurslarının etibarlı və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və inteqrasiyanın dərinləşdirilməsi də gündəlikdə duran əsas məsələlərdəndir. Digər tərəfdən, səfərin yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmadığını da nəzərə almaq lazımdır. Çex siyasətçisinin Azərbaycandan sonra Mərkəzi Asiya ölkələrinə planlaşdırılan səfərləri bu prosesə daha geniş prizmadən baxmağı zəruri edir. Bu kontekstdə Azərbaycanın oynadığı “strateji körpü” rolu ön plana çıxır. Söhbət Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinə, ticarətin genişlənməsinə və təbii resursların daha səmərəli istifadəsinə xidmət edən kommunikasiya imkanlarından gedir. Eyni zamanda, Avropa bu gün strateji, hərbi, siyasi və iqtisadi baxımdan ciddi dilemma ilə üz-üzədir. Ənənəvi tərəfdaşlıqların bir hissəsi zəifləyir, yeni tərəfdaş axtarışı isə zərurətə çevrilir. Bu şəraitdə Avropa həm enerji və iqtisadi təhlükəsizliyini, həm də hərbi-siyasi mövqelərini yenidən formalaşdırmağa çalışır. Məhz bu mərhələdə Azərbaycanın coğrafi mövqeyi və geostrateji üstünlükləri xüsusi əhəmiyyət qazanır. Azərbaycan vasitəsilə region ölkələri ilə əlaqələrin qurulması və genişləndirilməsi Avropa üçün yeni imkanlar açır. Ümumilikdə, bu səfər çoxşaxəli məqsədlərə xidmət edir. Lakin əsas prioritet kimi Azərbaycan–Çexiya münasibətlərinin daha da dərinləşdirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı çıxış edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az