"İranın əslində bu təklifi yeni təklif sayıla bilməz. Çünki İran danışıqların bərpası üçün ABŞ tərəfindən blokadanın qaldırılmasını tələb edir. ABŞ isə blokadanı qaldırmayacağını bəyan edir və bununla da İranı müəyyən güzəştlərə məcbur etmək niyyətindədir. İran tərəfindən sərgilənən maksimalist yanaşma proseslərin uzanmasına və gərginliyin artmasına səbəb olub. Eyni zamanda, Hörmüz boğazında gəmiçiliyin bərpası ehtimalı müəyyən yumşalma imkanları yarada bilər. Çünki İranın Hörmüzü bağlaması gərginliyi yeni mərhələyə daşıyıb və ABŞ bu addıma blokada ilə cavab verib. Hazırkı mərhələdə tərəflər arasında mümkün razılaşmanın əsas xətti Hörmüz boğazındakı rejimlə bağlıdır. Keçid qaydaları üzrə razılıq əldə olunarsa və İran nüvə proqramı ilə bağlı ABŞ-nin konkret tələblərinə, o cümlədən proqramdan imtinaya hazır olduğunu nümayiş etdirərsə, həmçinin 440 kq zənginləşdirilmiş uranı üçüncü ölkəyə təhvil verərsə, prosesdə çıxış yolu yarana bilər. Əks halda, danışıqların uzanacağı gözlənilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Qeyd edək ki, "Axios” portalı mənbələrə istinadən məlumat yayıb ki, İran ABŞ-yə münaqişənin həlli ilə bağlı yeni təklif göndərib. Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın ləğvi, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və bundan sonra İranın nüvə proqramı üzrə danışıqlara başlanılması nəzərdə tutulur. Nəşrin məlumatına görə, bu təşəbbüs danışıqlar prosesində yaranmış dalandan çıxmağa və İran rəhbərliyinin Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək üçün hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib.
Siyasi şərhçi qeyd edib ki, İran diplomatiyasında zaman faktorundan istifadə ənənəvi alətlərdən biri kimi çıxış edir.
"Lakin mövcud vəziyyət əvvəlki dövrlərlə müqayisədə daha kritik xarakter daşıyır. Hörmüz boğazının blokadası faktiki olaraq İranın öz iqtisadi maraqlarına zərbə vurur. Bu, İran limanlarına yönələn gəmi axınının məhdudlaşdırılması ilə nəticələnir və ölkə iqtisadiyyatının əsas hissəsinin cəmləşdiyi bölgəyə ciddi təsir göstərir. Bu kontekstdə İranın müəyyən güzəştlərə getməsi ehtimalı artır. ABŞ-nin əsas tələblərindən biri isə İran daxilində vahid siyasi mövqenin formalaşdırılmasıdır. Vaşinqton hesab edir ki, belə bir vahid mövqe gələcəkdə mümkün manipulyasiyaların qarşısını ala bilər. Hazırda İran daha çox dialoqa açıq görüntüsü formalaşdırmağa çalışır və güzəştlərə hazır olduğu mesajını verir. Bununla yanaşı, ABŞ-nin blokada siyasətinin danışıqları pozduğu təsəvvürü yaradılır. Lakin reallıq bu təqdimatdan daha mürəkkəbdir. İran uzun müddətdir ki, nüvə silahının istehsalının dini baxımdan qadağan olunduğunu bəyan edir və bunu mərhum mərhum Xameneinin fitvası ilə əsaslandırır. Bununla belə, uranın 60%-ə qədər zənginləşdirilməsi faktı nüvə silahına yaxın texnoloji mərhələyə keçidi göstərir. Nəticə etibarilə, İranın strategiyası prosesi uzatmaq və ABŞ daxilində, xüsusilə Donald Tramp üzərində siyasi təzyiqlərin artması fonunda Vaşinqtonun mövqeyində yumşalma əldə etməkdir. Lakin mövcud dinamika göstərir ki, zaman faktoru daha çox İranın əleyhinə işləyir və blokadanın uzanması ölkə üçün daha ağır nəticələr doğura bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az