Aprelin 27-də Günəşdə iki güclü alışma qeydə alınıb.
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, M6.0 maqnitudalı ilk partlayış bu gün 01:57-də (Bakı vaxtı ilə 02:57-də) ulduzun 4420 nömrəli ləkələr qrupunda baş verib və 11 dəqiqə davam edib. İkinci alışma isə 09:45-də (Bakı vaxtı ilə 10:45-də) qeydə alınıb. Gücü M1.1, müddəti isə 23 dəqiqə olub.
Ümumilikdə həftəsonunda Günəşdə M sinfindən olan altı partlayışın baş verdiyi bildirilir.
Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.