2022-ci il Nobel Kimya Mükafatı laureatı Morten Meldal xərçəng müalicəsində yan təsirləri aradan qaldırmağı hədəfləyən yeni metod üzərində çalışdıqlarını açıqlayıb. O bildirib ki, məqsədləri xərçəngi digər xəstəliklər kimi yan təsirsiz dərmanlarla müalicə edilə bilən hala gətirməkdir.
Xərçəng müalicəsində yeni mərhələ
Klik kimyası və bioortoqonal kimya sahəsindəki işlərinə görə Nobel mükafatına layiq görülən Meldal, xərçəng hüceyrələrini hədəfləyən və sağlam toxumalara zərər verməyən yeni dərman sistemləri üzərində çalışdıqlarını deyib. Bu yanaşma dərmanların birbaşa xəstə hüceyrələrə çatdırılmasını nəzərdə tutur.
“Yan təsirləri aradan qaldırmaq istəyirik”
Meldal qeyd edib ki, hazırlanması planlaşdırılan bu üsul kimyaterapiyanın saç tökülməsi kimi klassik yan təsirlərini aradan qaldıra bilər:
“Arzumuz xərçəngi yan təsirsiz şəkildə müalicə etməkdir.”
Alzheimer üçün də ümid
Alimin sözlərinə görə, tədqiqatlar yalnız xərçənglə məhdudlaşmır. Bu yanaşma Alzheimer xəstəliyi və digər neyrodegenerativ xəstəliklər üçün də ümidverici nəticələr təqdim edir. O, beyində zərərli plakları hədəfləyən molekullar üzərində də işlərin davam etdiyini bildirib.
Süni intellektlə bağlı xəbərdarlıq
Meldal əlavə edib ki, süni intellekt elmi araşdırmaları sürətləndirə bilər, lakin yanlış məlumatlarla işlədikdə səhv nəticələr yarada bilər. İnternetdəki informasiya çirkliliyinin bu baxımdan ciddi risk yaratdığını vurğulayıb.
“Elm maraqla edilməlidir”
Gənc alimlərə tövsiyə verən Meldal bildirib ki, tədqiqatlar mükafat qazanmaq üçün deyil, kəşf etmək marağı ilə aparılmalıdır. O, həmçinin təhsilin cəmiyyət üçün ən böyük investisiya olduğunu qeyd edib.
Mövsüm,
AzNews.az