"Skot Bessent tərəfindən səsləndirilən açıqlama Vaşinqtonun İran siyasətində sərt xətti davam etdirdiyini göstərir. ABŞ-nin tətbiq etdiyi sanksiyalar təkcə İranın özünü deyil, eyni zamanda bu ölkə ilə iqtisadi əməkdaşlıq edən dövlət və şirkətləri də hədəfə alır. Bu isə “ikincil sanksiyalar” mexanizminin aktiv şəkildə işlədiyini göstərir. Son dövrlərdə ABŞ-nin İrana qarşı iqtisadi təzyiqləri, xüsusilə enerji və maliyyə sektorunda məhdudiyyətlər yaratmaqla Tehranın iqtisadi imkanlarını daraltmağa yönəlib. Bu siyasətin əsas məqsədi İranı danışıqlara məcbur etmək və onun regional davranışlarına təsir göstərməkdir. Hörmüz boğazı ətrafında vaxtaşırı artan gərginlik isə daha çox potensial risk kimi qiymətləndirilir və qlobal enerji təhlükəsizliyi baxımından həssas nöqtə hesab olunur. Bununla belə, İranın enerji resurslarının qısa müddətdə tükənməsi və ya ölkə daxilində yanacaq qıtlığının kəskin həddə çatması ilə bağlı iddialar hazırkı mərhələdə təsdiqlənmiş fakt kimi qiymətləndirilmir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Skot Bessent bildirib ki, İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlər ABŞ sanksiyaları ilə üzləşə bilər. Onun sözlərinə görə, sanksiya siyahısına daxil edilmiş İran aviaşirkətləri ilə istənilən biznes əlaqəsi ciddi risk daşıyır və bu cür fəaliyyətlər əlavə məhdudiyyətlərin tətbiqinə səbəb ola bilər. Bessent həmçinin qeyd edib ki, xarici dövlətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu tip hava daşıyıcılarına xidmət göstərməsinin qarşısını almaq üçün zəruri tədbirlər görməlidirlər.
Siyasi şərhçi qeyd edib ki, sanksiyalar iqtisadiyyata təzyiq göstərsə də, bu cür ssenarilər daha çox ehtimal xarakteri daşıyır.
"Regional kontekstdə Azərbaycan üçün birbaşa risklər məhdud görünür. Azərbaycanla İran arasında müəyyən əməkdaşlıq istiqamətləri mövcud olsa da, bu əlaqələr sanksiya riski yaradacaq strateji səviyyə daşımır. Azərbaycan isə balanslı və ehtiyatlı siyasət yürüdərək həm regional münasibətləri qorumağa, həm də mümkün sanksiya təsirlərindən yayınmağa çalışır. Nəticə etibarilə, proseslərin gələcək inkişafı İranın ABŞ ilə münasibətlərində hansı xətti seçəcəyindən asılı olacaq. Əgər tərəflər arasında müəyyən razılaşma əldə olunarsa, sanksiya təzyiqlərinin azalması mümkündür. Əks halda isə iqtisadi təzyiqlərin davam etməsi və regionda gərginliyin artması ehtimalı qalır. Mövcud mərhələdə isə vəziyyət Azərbaycanın təhlükəsizlik gündəliyi üçün kritik təhdid kimi qiymətləndirilmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az