Putin: Kiyev rejimi açıq şəkildə terrorçu metodlarına əl atır

29 Aprel 2026 05:25 (UTC+04:00)

Kreml Sarayından verilən açıqlamaya görə, Putin Rusiyanın səlahiyyətli şəxsləri ilə sentyabr ayında keçiriləcək deputat seçkiləri zamanı təhlükəsizliyin təmin olunması ilə bağlı iclas keçirib.

İclasda daxili işlər naziri Vladimir Kolokoltsev və ədliyyə naziri Konstantin Çuyçenko ilə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin sədrləri, eləcə də müxtəlif qurumların nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Putin terrorla mübarizə sisteminin təkmilləşdirilməsi və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində işlər görüldüyünü bildirib.

“HƏM HƏRBÇİLƏRƏ, HƏM DƏ MÜLKİ ŞƏXSLƏRƏ QARŞI TERROR AKTLARINA ƏL ATILIR”

Putin ölkəsində terror təhdidlərinin artdığını qeyd edərək deyib:

“Beynəlxalq terror təşkilatları, radikal və ekstremist qruplar dağıdıcı fəaliyyətlərini davam etdirir. Bununla yanaşı, Kiyev rəhbərliyi və onun tərəfdarları açıq şəkildə terror üsullarına əl atır. Bunun səbəbi qarşı tərəfin cəbhədə qoşunlarımızın irəliləyişini dayandıra bilməməsi və hər gün ərazi itirməsidir. Buna görə də həm hərbçilərə, həm də mülki şəxslərə qarşı terror aktlarına əl atılır.”

Putin qeyd edib ki, pilotsuz uçuş aparatları ilə Rusiyadakı mülki infrastruktur obyektlərinə tez-tez hücumlar edilir. O, son olaraq Krasnodar bölgəsinin Tuapse şəhərində enerji obyektlərinin hücuma məruz qaldığını xatırladaraq bildirib:

“Bu hücumlar potensial olaraq ciddi ekoloji nəticələrə səbəb ola bilər.”

“RUSİYANIN BİR HİSSƏSİ OLMA HAQQINI İNKAR EDƏNLƏR BU SEÇKİLƏRİ POZMAĞA ÇALIŞACAQ”

Putin sentyabr ayında Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilərin keçiriləcəyini bildirərək, bu prosesdə təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb:

“Bu, xüsusilə Donetsk və Luqansk xalq respublikaları, Zaporojye və Xerson vilayətləri üçün keçərlidir. Bu bölgələrin sakinləri ilk dəfə federal səviyyədə keçirilən deputat seçkilərində iştirak edəcəklər. Donbas və Novorossiyanın Rusiyanın bir hissəsi olma haqqını inkar edənlər bu seçkiləri pozmağa çalışacaqlar. Onlar Ukraynada müharibə vəziyyətini əsas gətirərək seçki keçirmirlər, lakin bizə mane olmağa çalışacaqlar.”

Putin Ukraynadakı müharibədə iştirak edən rus hərbçilərinin seçkilərdə iştirak etməsi üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd edib, sərhəd bölgələrində də bu istiqamətdə addımların atılmasının əhəmiyyətinə toxunub.

O, hüquq-mühafizə orqanları və xüsusi xidmət əməkdaşlarına diversiya və terror cəhdlərinin qətiyyətlə qarşısının alınması barədə tapşırıq verib.

Mövsüm,

AzNews.az