Giriş əvəzinə:
Dünən çox hörmətli sabiq Baş nazir Pənah Hüseynlə Musavat TV-nin efirində bir debata çıxdıq. Pənah bəylə dəfələrlə açıq müzakirələrdə iştirak etmişəm və sözün doğrusu, hər dəfə yüksək səviyyəli polemika alınıb. Üst-üstə düşən baxışlarımız, zidd dünyagörüşümüz və anlayışlarımız var. Bunlar da təbiidir. Lakin son efirdə mənim açdığım və qısaca müzakirə olunan bir məsələnin proqramdan sonrakı təqdimatı ilə razı ola bilmərəm. Odur ki, verilişdə məndən daha çox danışmış opponentimə guya sözünü deməyə imkan verməmişəm təəssüratı yaradan başlıq atılmasına etiraz etdim. Çox hörmətli həmkarım Rauf Arifoğluna müraciət edərək, bu müstəvidə əks düşüncədə olduğum 3 şəxsi- Pənah Hüseyni, Sərdar Cəlaloğlunu və Fazil Mustafanı birlikdə debata dəvət etdim. Debat olub-olmamasından asılı olmayaraq, qaldırdığım məsələlər aktualdır və bu mövzunun açıq müzakirəsinə ehtiyac var. Çünki ABŞ və İsraillə müharibə fonunda İranın mövqeyini və aqibətini dini yanaşmalar üzərindən dəyərləndirməyə cəhd göstərənlər az deyil. Eyni zamanda, hesab edirəm ki, polemika şəxslər üzərindən deyil, mövzu və yanaşmalara uyğun aparılmalıdır.
Qırmızı xəttlər:
1. Azərbaycan sekulyar dövlətdir və heç bir dini təmayül bu konstitutsion prinsipi şübhə altına ala bilməz.
2. Heç kəs başqasının əqidə müfəttişi ola, dini inanclar qarşı-qarşıya qoyula və hər hansı şəkildə istismar oluna bilməz.
3. İstənilən xarici ideoloji təsirə qarşı cəmiyyətin immuniteti olmalı, dövlət öz ideoloji təhlükəsizliyini təmin etməlidir.
Qısa arayış:
“Şiə” ərəbcə bir kəlimədir və mənası, daha yayğın yozuma görə, “tərəfdar” deməkdir. İslam peyğəmbəri Məhəmmədin vəfatından sonra müsəlmanlar necə idarə olunacaq sualına cavab axtaran möminlər arasında bir neçə əsas fikir vardı. Bir qism insan hesab edirdi ki, siyasi varis birbaşa peyğəmbərin öz yaxın şəcərəsindən, hətta onun ailə üzvü olmalıdır. Bu namizəd isə, Hz. Məhəmmədin əmisi oğlu və kürəkəni, islama gənc yaşlarında etiqad etmiş Əlidən başqası deyildi. Lakin Əli peyğəmbərin dəfni ilə məşğul olaraq, Sakifə kölgəliyindəki iqtidar müzakirələrinə qatılmamışdı. Adı hər zaman gündəmdə oldu və 4-cü xəlifə məhz o seçildi. Təxminən 5 illik hakimiyyətinə sui-qəsdlə son qoyuldu. Ölümündən sonra oğlu Həsən özünü xəlifə elan etdi. Yaranan qarşıdurmada Həsən Dəməşqdə iqtidarı ələ keçirmiş Müaviyəyə özündən sonra hakimiyyəti Əlinin varislərinə qaytarmaq şərti ilə güzəştə getdi. Şərt yerinə yetirilmədi. Həsən sui-qəsdlə aradan götürüldü, digər qardaşı Hüseyn isə Kərbala çölündə Müaviyyənin oğlu Yəzid tərəfindən qətlə yetirildi. Hüseynin şəhadəti islam aləmində ədalət axtaran təbəqələrin idealizmini bəslədi (bu nüansa dönəcəm). Şiəliyin ilkin rüşeymləri Peyğəmbərin vəfatından öncə üzə çıxmış olsa belə, Hüseynin qətli Təvvəbun hərəkatına rəvac verdi. Əli tərəfdarlarının sistemləşməsinin əsasları məhz bu dövrdə qoyuldu. 699-cu ildə Mədinədə doğulan, atası imam Məhəmməd Bağır, anası Əbubəkrin nəvəsi Ümmü Fərvə olan, Həzrət Əlinin varisi Cəfər Sadiq isə, bu sosial dalğanı öz hüquq məktəbi ilə birləşdirdi.
Məvalilər kimlər idi?
Əməvilər və Abbasilər dönəmdə qeyri-ərəb müsəlmanlar “məvali” adlanırdı. Azərbaycan coğrafiyasının yerli əhalisi də bu ayrıseçkiliyə məruz qalmışdı. Babək Xürrəmi açdığı üsyan bayrağı ilə ərəb xilafətinin Azərbaycandakı hegomonluğuna son qoymaq istədi, dogma xalqını arxasına alaraq dövlət qurdu, lakin son nəticədə məğlub oldu. Abbasilərə qarşı xilafətdaxili müxalifət olan şiələrin baxışları məğlub Babəkilərin öz azadlıq ideyalarını və digər identifik keyfiyyətlərini qorumaq üçün mənəvi prioritetə çevrildi. Hz. Əlinin haqq yolunun qapısı hesab olunması Azərbaycan mədəni arealını yad təsirlərdən qoruyurdu. Bu coğrafiya Nəsimini yetişdirərək regionda üçüncü dilin- türkcənin siyasi iddiasını ortaya qoydu.
Səfəvilərin inanc dəyişdirməsi:
Çoxlarının düşündüyünün əksinə olaraq, Səfəvilər türklərin deyil, türklər Səfəvilərin inancını dəyişib. Doqmatik islam və mərkəzləşdirilmiş dövlət təşkilatı yarımköçəri həyat tərzi sürən və şamanizmdən tam qopmamış türklərin nəzərində Osmanlının cazibəsini azaldırdı. Azərbaycan mənşəli türklər qısamüddətli xanədanlardan dayanıqlı imperiya quruculuğuna keçmək istəyirdilər. Xilafətin taleyi 15-ci əsrin sonlarında artıq tükdən asılı idi. Məsələni yetərincə araşdırmış bir çox tarixçilər o fikirdədir ki, Ərdəbildəki Səfəvi ocağını məzhəb dəyişməyə obyektiv tarixi şərtlər vadar etdi. Orta Asiyadan axının azalması ilə sadəcə türk etnik kimliyi ilə Azərbaycan coğrafiyasında dövlət qurmaq imkanı yox idi- kənar faktorlar güclü idi. Öz həyat tərzini qorumağa can atan türklərə çağın ən uyğun ideologiyası şiəlik görünürdü. Səfəvilər bu məzhəbi seçdilər və nəticə uğurlu oldu. 1501-ci ildə Şah İsmayıl Səfəvi Azərbaycan taxtına oturdu. Daha sonrakı yüzillərdə Əfşarlar və Qacarlar da bütün fərqlərə, kataklizmlərə rəğmən bu xətti davam etdirdilər. Nadir şah islam dünyasında birlik yaratmağa və şiəliyi rəsmi məzhəb kimi qəbul etdirməyə çox çalışdı. Modernləşmə dövründə Quzey Azərbaycanda milli kimlik təbii və haqlı olaraq ön plana çıxdı. Mətbuatımız millət barədə soruşulanda “müsəlmanam” deyənlərə etnik və dini kimlik fərqlərini aşıladı. Lakin dini kimlik heç də xalqlaşma prosesində bir kənarda qalmadı. Hər iki komponent tərəqqiyə can atan millətimizin dövlət atributunda simvollaşdı. Biz ona görə millət kimi formalaşa, dövlət milləti statusu qazana və Azərbaycan xalqı kimi özümüzü sivil dünyaya təqdim edə bildik ki, tarixdən gələn müxtəlif identlik qatlarını- coğrafiyamızı, dilimizi, mədəniyyətimizi və dövlətçilik ənənəmizi - vahid sistemdə birləşdirməyi bacardıq. Modernizmin təklif etdiyi məhz bu tarixi sintez Azərbaycan şiəliyini İrandakı teokratik ideologiyadan qəti şəkildə fərqləndirir və milli-mədəni identiklik yaradan faktora çevirir.
Əli Şəriəti və İranda islam inqilabı:
Əli Şəriəti hazırkı İran üçün önəmli bir sosioloqdur. O, 1970-ci ildə “Səfəvi şiəliyi” adlandırdığı- qızılbaşlıq üzərində qurulmuş və əslində, o qədər də sistemli olmayan “xalq islamı”nı- daha fundamental təlimlə əvəzləmək barədə danışdı. Onun çıxışı əsasında hazırlanaraq çap olunan kitabda islamın şiə məzhəbi markisist perspektivdən şərh olunurdu. Pəhləvilərin fars millətçiliyinə sürüklədiyi İranda bu yanaşma ruhanilərin diqqətini cəlb etdi. Ayətullah Ruhulla Xomeyninin 1979-cu ildə həyata keçirdiyi islam inqilabının ideoloji bazasını məhz Əli Şəriətinin anti-Səfəvi paradiqmasına söykənən baxışları yaratmışdı. İranda hakimiyyətə gəlmiş ideoloji sistemin ən bariz xüsusiyyəti “mərceyi-təqlid” institutu vasitəsi ilə ierarxik şəbəkə qura bilməkdir.
Müstəqil Azərbaycana din ixracı
1991-ci ildə Azərbaycan ixtiyarını ateist bir imperiyadan qurtardı. Müstəqillik qazandıqdan sonra ölkəmizdə din öz təbii mövqeyinə qayıtmalı idi. Lakin elə bu dövrdə Azərbaycana cəmiyyətin təbii mənəvi boşluqlarından və sosial problemlərindən faydalanmaq istəyən çeşidli din və məzhəblərin missionerlərinin ayağı da açıldı. Bu müstəvidə İrandan Azərbaycana ixrac edilən Xomeyniçilik təlimi bir tərəfdən cəmiyyətin təbii dinamikasına və ənənəvi baxışlarına, digər tərəfdən isə respublikamızın sekulyar və çağdaşlığı hədəfləyən sistemi üçün risk yaratmağa başladı. Təsirləri hazırda da kifayət qədər hiss olunan bu risklər qarşısında ən doğru addım sekulyar sistemin mahiyyətini cəmiyyətə dolğun şəkildə açıqlamaqdır.
Sekulyarlıq- dinin olmadığı yox, inancın dövlətdən ayrı olduğu, siyasətə qarışmadığı, iqtisadiyyata müdaxilə etməyən, əxlaqın yeganə mənbəyi olmayan, tam vicdani etiqad səviyyəsində azadlıq əldə etmiş bir idarəçilik sistemidir. Bax, bu çərçivədə mən özümü şiə hesab edirəm. Bir şiə kimi həyatın mənasını ədalətə töhfə verməkdə görürəm (yuxarıda qeyd elədiyim nüansı bir daha xatırlayaq). Ədalətə töhfə vermək üçün mütləq şiə, hətta müsəlman olmaq, əlbəttə, vacib deyil, amma bu da mənim dünyagörüşüm üçün səciyyəvi xüsusdur. Bu xüsusa heç kimin iradı ola bilməz, çünki bütün etiqadlar kimi, mənim də vicdan azadlığım dövlətimin qoruması altındadır.
Yanaşmamın əsas məğzi
Hazırkı mərhələdə dini inanc məsələlərinə fanatizm və ya geosiyasi prizmalardan deyil, milli maraqlar və sekulyar dövlət modelinin prinsipləri əsasında yanaşılmalıdır. Azərbaycan cəmiyyətində dini inanclar, Konstitusiyaya uyğun olaraq, fərdi vicdan azadlığının tərkib hissəsi kimi qorunmalı, lakin heç bir halda siyasi və ya xarici ideoloji təsirlərin alətinə çevrilməməlidir. Azərbaycan öz inanc modelini kənardan idxal etmir. Bu model xalqımızın tarixi, mədəniyyəti və dövlətçilik ənənələri əsasında formalaşır. Sekulyar sistemə malik Azərbaycanda dini münasibətlər həm tolerantdır, həm də cəmiyyətin bütövlüyünü qorumaq gücünə malikdir. İndi əsas məsələ bu tarixi balansa sahib çıxmaqdır. Tarixi balansın pozulması milli müstəqilliyimiz üçün yeni risklər deməkdir.
Taleh ŞAHSUVARLI