Azərbaycan məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə qəbul edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.
Konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyətə başlaması və inkişafıdır. Bu institutun tətbiqi məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, ekspertiza xidmətlərinə çıxış imkanlarını genişləndirəcək, işlərin baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə mühüm töhfə verəcək.
Özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması həmçinin rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə, eləcə də beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.
Qeyd edək ki, özəl məhkəmə ekspertləri ilə məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərin hüquq və vəzifələri, habelə məsuliyyəti eyni hüquqi çərçivə əsasında müəyyən edilir. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin, qərəzsizliyinin və mötəbərliliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, bütün ekspertlər üçün vahid peşə standartlarının tətbiqi ədalət mühakiməsində bərabərliyin qorunmasına və hüquqi təminatların gücləndirilməsinə imkan yaradır.
"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün aydın və konkret hüquqi tələblər müəyyən olunub. Namizədlər müvafiq ixtisas üzrə ən azı 10 illik iş təcrübəsinə malik olmalı, yaxud fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə və ya xüsusi biliklərini təsdiq edən beynəlxalq səviyyədə tanınmış sənədlərə sahib olmalıdırlar.
Qeyd olunan beynəlxalq sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilib. Eyni zamanda, siyahıda olmayan sənədlər üzrə də əlavə qiymətləndirmə aparılması mümkündür.
Bununla yanaşı, özəl məhkəmə eksperti olmaq istəyən şəxslər üçün məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyi, ekspert rəyinin hazırlanması qaydalarını və etik davranış normalarını əhatə edən icbari təlim və namizədlərin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə müsahibə mərhələsi nəzərdə tutulub.
Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların məhkəmə eksperti kimi fəaliyyəti mümkün olacaq. Qeyd olunan mexanizm bu sahədə şəffaflığın və hesabatlılığın təmin edilməsinə yönəlib.
Fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericilikdə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm məhkəmə ekspertizası idarələrinə, həm də özəl məhkəmə ekspertlərinə müraciət etmək hüququna malikdirlər. Bu zaman ekspertiza xidmətləri tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir və sifarişçinin vəsaiti hesabına maliyyələşdirilir.
Müqavilə çərçivəsində ekspert bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdığı barədə məlumatlandırılır və bu hal onun imzası ilə təsdiq edilir. Bu yanaşma ekspert fəaliyyətində qərəzsizlik, obyektivlik və peşə məsuliyyətinin təmin edilməsinə xidmət edir.
Həyata keçirilən islahatların əsas məqsədi müasir, şəffaf, çevik və etibarlı məhkəmə ekspertizası sisteminin formalaşdırılması, bununla da vətəndaşların hüquq və azadlıqlarının daha effektiv təmin edilməsinə, ədalət mühakiməsinin çevikliyinin yüksəldilməsinə nail olmaqdır.
Qeyd edək ki, "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur. Konsepsiya çərçivəsində özəl məhkəmə ekspertizası institutunun mərhələli şəkildə inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərə metodiki və təşkilati dəstəyin göstərilməsi, həmçinin ictimai etimadın formalaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi planlaşdırılır.