Azərbaycan və Maldiv arasında vizasız rejim qüvvəyə minir

29 Aprel 2026 14:39 (UTC+04:00)

24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

Aznews.az