Kərim Şükürova qarşı məmur özbaşınalığı: Nazir Anar Əliyev məsələyə müdaxilə etməlidir!

29 Aprel 2026 15:42 (UTC+04:00)

Tarix elmləri doktoru, professor, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürova Dövlət Əmək Müfəttişliyi 1000 manat cərimə yazıb. Məsələni gündəmdə saxlayacağıma söz vermişdim. Bu gün araşdırdım və istəyirəm ki, olaya əvvəlcə sırf hüquqi müstəvidə yanaşım.
Olayın qısa məğzi budur ki, Tarix və Etnologiya İnstitutunun 77 yaşlı bir elmi əməkdaşı öz izahatında da yazdığı kimi, 4 dekabr 2025-ci il tarixində evdən işə gələnə kimi müşahidə olunan arterial təzyiq üzündən instituta heç bir aidiyyəti olmayan ümumi tualetdə “gözünün qaralması” ilə özünü rahatsız hiss edib. İnstitut rəhbərliyi bu barədə məlumat alan kimi həm təcili yardıma, həm də həmin şəxsin ailəsinə məlumat verib. Məsələ Əmək Müfəttişliyinə qədər gedib çıxıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin (rəis Rüfət Əliyev) tələbi əsasında institut tərəfindən bütün dəlil-sübutların əvvəlcədən təqdim edilib. Buna baxmayaraq, müfəttişliyin rəis müavini Toğrul Əsədov dörd ay yarımdan sonra, 23 aprel 2026-cı il tarixdə qərar çıxarıb ki, institutun əməkdaşının səhhətinin pozulması ilə bağlı işəgötürən tərəfindən DƏMX-ə hadisə baş verdiyi gün məlumat verilməyib. Nəticədə institut direktoru İnzibati Xətalar Məcəlləsinin (İXM) 555-ci maddəsinin 1-ci bəndi ilə 1000 manat cərimə olunub.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
Bu maddənin tələbindən görünür ki, işəgötürən istehsalatda baş verən bütün hadisələri və halları deyil, məhz bədbəxt hadisəni Əmək Müfəttişliyinə xəbər verməlidir.
Bu kontekstdə 3 sual yaranır:
✔ İstehsalatda bədbəxt hadisə nədir?
✔ Baş verən hadisə bədbəxt hadisədirmi?
✔ Əgər baş verən hadisə bədbəxt hadisədirsə, bu hadisə istehsalatla bağlıdırmı?
Bütün bu suallara aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na baxmaq lazımdır. Həmin Qaydalara görə (1.3), istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət- əmək vəzifələrini yerinə yetirərkən işçinin sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
Burada həlledici məqam ondan ibarətdir ki, sağlamlığın pozulması mütləq əmək vəzifələrinin icrası kontekstində səbəb-nəticə əlaqəsi üzrə baş verməlidir. Əgər işçinin təzyiqinin qalxması fərdi sağlamlıq problemidirsə və iş prosesi ilə əlaqədar deyilsə, hətta nəticə daha ağır olsaydı belə (məsələn, insult baş versəydi), bu hal istehsalatda bədbəxt hadisə kimi qiymətləndirilə bilməzdi.
Eyni zamanda, həmin qaydalara görə, istehsalatda bədbəxt hadisə üçün məkan da mühüm əhəmiyyət kəsb edir. İşçi işə gələrkən və ya işdən çıxarkən yalnız müəssisənin hüdudları daxilində baş verən hadisələr müəyyən hallarda təhqiqat predmeti ola bilər.
Başınızı ağrıtmamaq üçün məsələni sadə şəkildə izah edim: vətəndaş metro ilə işə gedərkən eskalatordan yıxılır, lakin sonradan işə çatır və orada məlum olur ki, onun ayağı sınıb. Bu, bədbəxt hadisədir, lakin istehsalatda baş vermiş bədbəxt hadisə deyil.
Beləliklə, prof. Kərim Şükürovu İXM-nin 555.1-ci maddəsi ilə cərimələmək üçün zəruri olan hüquqi elementlər mövcud deyil:
✔ Səbəb əlaqəsi yoxdur
✔ Məkan əlaqəsi yoxdur
✔ Əmək funksiyası yoxdur
Deməli, hadisə istehsalatla bağlı olmadığı üçün işəgötürənin onu "istehsalatda bədbəxt hadisə" kimi qiymətləndirib dərhal məlumat vermək öhdəliyi də yaranmamışdı. Bu baxımdan tətbiq edilmiş inzibati norma əslində tətbiq edilə bilməzdi.
İndi keçək məsələnin etik tərəflərinə. AMEA Tarix və Etnologiya İnstitutunun açıqlamasından bəlli olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Toğrul Əsədov professor Kərim Şükürovu 1 saat boş kabinetdə gözlədib. Tutaq ki, Kərim Şükürovun hərəkətsizliyi həqiqətən inzibati xətadır. Bu, həmin məmura nüfuzlu bir alimə, ümumiyyətlə isə vətəndaşa açıqlamada qeyd olunan şəkildə sayğısızlıq göstərməyə əsas verirmi? Vermir!
"Dövlət qulluğu haqqında" qanuna görə (maddə 18), dövlət qulluqçuları:
- qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
- dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
- başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
- vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
- etik davranış qaydalarına əməl etməlidir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Toğrul Əsədovun sadəcə Kərim Şükürova münasibətdə qanunun 5 maddəsini birdən pozduğunu güman etmək olar.
Odur ki, bu məmur barədə Nazirlik dərhal araşdırma başlamalı və müvafiq tədbir görməlidir.
Kərim Şükürov kimi nüfuzlu alimlərə göstərilən qərəz və sayğısızlıq bütün Azərbaycan elminə edilmiş sayılır. Kərim Şükürovun intellekti və başı bu ölkəyə çox lazımdır, həm də lap çox!!!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və cənab nazir Anar Əliyevi dərhal məsələni diqqətə götürməyə çağırıram.

Taleh ŞAHSUVARLI