"Rusiya İranın əsas tərəfdaşlarından biri kimi çıxış edir və bu səbəbdən rəsmi Tehran son dövrlərdə Kreml ilə birbaşa siyasi-diplomatik təmasları intensivləşdirməyə çalışır. Yaxın Şərqdə Rusiyanın öz strateji maraqları mövcuddur və Moskva hesab edir ki, İranın regiondakı mövqelərinin güclənməsi bu maraqlar baxımından vacibdir. Bu kontekstdə Rusiya İrana dəstək verən əsas aktorlar sırasında yer alır və nəticə etibarilə Yaxın Şərq böhranı fonunda ABŞ və Qərblə maraq toqquşması qaçılmaz xarakter alır. Pakistanın vasitəçilik rolu isə tədricən arxa plana keçir. Bunun əsas səbəblərindən biri İslamabadın ABŞ-la münasibətlərdə müəyyən məsafə saxlamağa çalışması, eyni zamanda Çinlə strateji tərəfdaşlığını qorumasıdır. ABŞ-nin isə vasitəçi formatını dəyişmək istiqamətində addımlar atdığı müşahidə olunur. Bu vəziyyət müəyyən mənada İran üçün narahatlıq doğurur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək, İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur qeyd edib ki, Tehran Rusiyanın İran və ABŞ arasında mümkün razılaşmanın icrasında təminatçı rol oynaya biləcəyini istisna etmir. Diplomatın sözlərinə görə, İran Moskva ilə birgə şəkildə müharibənin dayandırılması istiqamətində fəaliyyətini davam etdirir.
Siyasi şərhçi bildirib ki, Pakistanın vasitəçiliyi Tehran üçün məqbul idi və Çin faktoru bu modeli İran baxımından daha balanslı edirdi.
"Mövcud şəraitdə İran paralel şəkildə manevr etməyə çalışır və daha çox Rusiyanın vasitəçilik missiyasını önə çıxarmağa cəhd göstərir. Tehran hesab edir ki, Moskvanın iştirakı ilə ABŞ-la müəyyən dialoq mühiti formalaşa bilər. Xüsusilə ABŞ-da bəzi siyasi dairələrin, o cümlədən Tramp administrasiyasının vaxtilə Rusiya ilə münasibətlərin yaxınlaşdırılmasına meylli olması bu ehtimalları qismən gücləndirir. Bununla belə, Rusiyanın vasitəçilik rolu qlobal müstəvidə birmənalı qarşılanmır. Ukraynada müharibə aparan bir dövlətin başqa regionda sülh təşəbbüsləri ilə çıxış etməsi ciddi suallar doğurur və xüsusilə Qərb tərəfindən skeptik yanaşma ilə qarşılanır. Bu baxımdan, Rusiyanın Yaxın Şərqdə effektiv vasitəçi kimi qəbul olunacağı hələlik inandırıcı görünmür. Ümumilikdə, mövcud geosiyasi reallıqlar göstərir ki, müxtəlif vasitəçilik cəhdlərinə baxmayaraq, Yaxın Şərqdəki böhranın qısa müddətdə həll olunması ehtimalı zəifdir. Bölgədə hərbi-siyasi gərginliyin uzun müddət davam edəcəyi daha real ssenari kimi qiymətləndirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az