Dünya azərbaycanlıları Nyu York merinin paylaşımına qarşı petisiya başladıb

29 Aprel 2026 19:12 (UTC+04:00)

ABŞ-nin Nyu York şəhərinin meri Zöhran Kvame Mamdaninin "X" platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

Aznews.az xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.

Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu York merinin ölkəmizlə bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.

Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, yüzlərlə Azərbaycan mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:

https://shorturl.at/ZtUnS

Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.