"Onsuz da İran–ABŞ gərginliyindən ən çox qazanan tərəf Rusiya olub. Birincisi, ABŞ-ın diqqətinin Ukrayna müharibəsinə yönəlməsi Rusiyanın Şərqi Avropada daha sərbəst hərəkət etməsinə şərait yaratdı. İkincisi və daha vacibi, enerji qiymətlərinin artması Rusiyaya nefti daha yüksək qiymətə satmaq imkanı verdi. Əgər eyni ssenari yenidən təkrarlansa, Rusiya növbəti dəfə də İran–ABŞ qarşıdurmasından faydalana bilər. Lakin ABŞ-nin buna razı olacağı inandırıcı görünmür. Hətta ABŞ müəyyən qədər razılaşsa belə, Avropanın bu məsələyə müsbət yanaşacağı ehtimalı zəifdir. Tərəflər arasında mövqe fərqi yaranarsa, bu, ABŞ–Avropa münasibətlərində gərginliyi daha da dərinləşdirə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, son aylarda İranın nüvə proqramı ətrafında müzakirələr yenidən aktuallaşıb. Xüsusilə zənginləşdirilmiş uranın mümkün şəkildə üçüncü ölkəyə ötürülməsi ehtimalı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu məsələ ilə bağlı müxtəlif ssenarilər və onların doğura biləcəyi geosiyasi nəticələr geniş şəkildə təhlil olunur. İranlı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Ruhullah Modabberin fikrincə, Tehran zənginləşdirilmiş uranı Rusiyaya verməyə qərar verərsə, ABŞ ilə daha əlverişli və dayanıqlı bir razılaşma əldə etmək imkanı yarana bilər.
Siyasi şərhçi qeyd edib ki, İran mövcud vəziyyətdən çıxış yolu kimi müəyyən addımlar ata bilər, lakin bu addımların nə dərəcədə qəbul olunacağı hələ də açıq qalır.
"Eyni zamanda Rusiya da nəzərə almalıdır ki, belə bir proses onun üzərində ABŞ və xüsusilə Avropa tərəfindən təzyiqləri artıra bilər. Bütün bunları nəzərə alaraq demək olar ki, vəziyyət kifayət qədər gərgindir. Bununla belə, yaxın perspektivdə bu ssenarinin reallaşması çox da real görünmür".
Rəfiqə Namazəliyeva,
AzNews.az