Daha böyük plan var: Məxfi dosyelər niyə gündəmə gəldi? - VİDEO

30 Aprel 2026 12:41 (UTC+04:00)

Dünyanı yeni həyəcan bürüyüb. ABŞ illərlə gizlətdiyi “uçan boşqab” dosyelərini açıqlamağa hazırlaşır. Bu barədə prezident Donald Trump dünən yenidən danışaraq dünya gündəmini daha bir dəfə sarsıtdı. O, bildirdi ki, Ağ ev tezliklə uçan naməlum obyektlərlə bağlı çoxlu məxfi məlumat yayacaq. Üstəlik, hər kəsi əmin etdi ki, açıqlanacaq sənədlər “son dərəcə maraqlı” olacaq. Məqsəd həqiqətləri üzə çıxarmaqdırsa, əlbəttə, bu məsələdə bir problem yoxdur. Ancaq deyəsən, yeni tamaşa qurulur. Əks halda, ABŞ kimi nəhəng bir dövlət belə “maraqlı” məlumatları niyə indi açıqlamaq niyyətinə düşüb? Yəqin bu məqamda ağlınızdan keçir onu da soruşasınız ki, əgər yadplanetlilər doğrudan da mövcuddursa, bizim bu qanlı-qadalı Yer kürəsini də, su yoluna çeviriblərsə, nədən onların varlığı gizlədilib?
Uçan Naməlum Obyektlərə çox vaxt, sadəcə olaraq, “uçan boşqablar” deyirik. Amma reallıqda bu, o demək deyil ki, söhbət mütləq yadplanetlilərdən gedir. Ümumi götürəndə, izah edilə bilməyən uçuş obyektlərini media həmişə yad planetlərə calamağa meyillidir. O da maraqlıdır ki, informasiya sahibi sayılan dövlətlərdə bu mövzu illərdir konspiroloji nəzəriyyələri bəsləyir. Guya bəzi informasiyalar açıqlanır, amma əsas hissə həmişə üstü örtülü qalır. İndi isə cənab Tramp coşub və birdən-birə “hər şeyi açıqlayacam” deyir. Xeyir ola?
3 əsas ehtimal var. Birinci ehtimal: Bəlkə doğrudan da izah olunmayan hadisələr var. Ola bilsin, dünyamızın hazırkı elmi və texnoloji səviyyəsi ilə açıqlana bilməyən obyektlər müşahidə olunub, siqnallar alınıb. Əgər bu güman doğrulsa, təkcə ABŞ yox, bütün dünya üçün sensassiya olacaq. Amma doğrusu, mən bu məsələni yadplanetlilərə bağlamıram. Çünki, bildiyim qədər, Fermi paradoksunu çözmək üçün astro-fizikanın əlində mötəbər dəlillər yoxdur. Yəqin, ondan agahsınız ki, 1950-ci illərdə məşhur fizik Henriki Fermi çox sadə, amma sarsıdıcı bir sual verdi: “Əcəba, hamı haradadır?” Bu sual sonradan “Fermi paradoksu” kimi tanındı. Paradoksun mahiyyəti budur ki, nəhəng kainatımızda saysız-hesabsız qalaktika və planet var. Riyazi hesablamalara görə, həyatın təkcə Yer kürəsində olması inandırıcı deyil. Amma problem buradadır ki, başqa planetlərdə yaşamla bağlı heç bir sübut yoxdur. Bu nəhəng dünyada özümüzdən başqa heç kimi tanımır, heç kimlə əlaqə qura bilmirik. Yəni, başa düşürük ki, haradasa şüurlu varlıqlar olmalıdır, amma eyni zamanda heç kimi tapa bilmirik. Bu reallıq paradoks yaradır. Cavab səciyyəsində müxtəlif versiyalar var. Kim bilir, bəlkə də həyat çox yerdə var, amma onu sivilizasiyaya təkcə biz çevirə bilmişik. Bəlkə də susqun qalmağa üstünlük verir, özlərini təqdim etmək istəmirlər. Planetimizi müşahidə edirlər, amma həyatımıza qarışmırlar. Yaxud bizdən o qədər irəlidədirlər ki, onları anlaya, qavraya bilmirik. Ancaq bütün hallarda, hansısa qalaktikadan basa-basa yol gəlmiş şüurlu varlıqların dünyanın elmi mərkəzləri ilə açıq əlaqə yaratmaq əvəzinə, hansısa başdanxarabın gözünə görünməsi mənim üçün inandırıcı deyil.
İkinci ehtimala görə, UNO-larla bağlı iddialar yeni icad edilmiş hərbi texnologiyaların üstünə çəkilən pərdədir. Yəni əslində ortada yeni nəsil silahlar, gizli və sürətli uçuş aparatları var. Amma bunları “UNO” adı altında təqdim etmək daha münasibdir. Xüsusilə ABŞ-nin İranla savaşdığı dövrdə. Üstəlik, Vaşinqton dünya liderliyini Çin və Rusiya qarşısında yenidən təsbit etmək istəyirsə. Əgər xatırlayırsınızsa, Venesuala əməliyyatından ABŞ yeni silah tətbiq etdi. Ola bilsin, başqa yeni nəsil silahlarını ortaya çıxarmağa, lap elə İranda tətbiq etməyə psixoloji zəmin hazırlayır.
Üçüncü ehtimal isə daha maraqlıdır. Bu çərçivədə açıqlanacaq materiallar informasiya savaşına xidmət edəcək. Çünki böyük dövlətlər bəzən dünyanın diqqətini müəyyən istiqamətə yönəltmək üçün belə konspirativ mövzuları gündəmə gətirirlər. İndi diqqət edin. Əgər ABŞ doğrudan da bütün məlumatları açıqlamaq istəyirsə, deməli bu barədə verilən açıqlamanın özü də planlaşdırılmış addımdır. Çünki iri dövlətlər təsadüfi heç nə etmir. Onlar ya özlərinə sərf edən məlumatı tam paylaşırlar, ya da sərf etdiyi qədər danışırlar. Başqa sözlə, bizə deyilənlərlə gerçəklik eyni olmaya bilər. Naməlum cihazlar bir mövzu olaraq ilk dəfə gündəmə gəlmir. Mən əlifbanı öyrənəndən bəri UNO-larla bağlı yüzlərlə iddia ortaya atılıb. Amma onların böyük hissəsi ya təkzib edilib, ya da izahsız qalıb.
İndi isə fərq ondadır ki, bu dəfə məsələni birbaşa ABŞ prezidenti səviyyəsində gündəmə gətirirlər. Bu isə mövzusu mif səviyyəsindən çıxarır və informasiya kombinasiyasına çevirir. Trampın açıqlamasından sonra çoxları “uçan boşqablar var, ya yox?” sualına fokuslanıb. Amma daha vacib sual budur: ABŞ sənədlərin gizli saxlandığı arxivlərin qapısını niyə məhz indi açır? Ramiz Rövşən demiş, üzümüzə bağlanan qapılardan bəlkə də, üzümüzə açılan qapılar qorxuludur!.. Tarix göstərir ki, arxivlərin açılamasının arxasında həmişə ciddi səbəblər olur. Bir sir açılırsa, deməli, ya gizlədilən, ya da yaradılan daha böyük sir var. Sizcə, daha böyük sir nə ola bilər?

Taleh ŞAHSUVARLI