Yaponiya Kommunist Partiyası (JCP) fevralın 8-də keçirilən ümumi seçkilərdən sonra yaydığı geniş bəyanatda ölkədə müharibə siyasətinin gücləndiyi barədə xəbərdarlıq edib. Partiya rəhbərliyi həm seçki nəticələri ilə bağlı özünütənqid edib, həm də Yaponiya siyasətində sağa yönəlmənin sürətləndiyini bildirib.
Partiya seçkilərə 4,5 milyon səs və 7,5 faizdən çox dəstək hədəfi ilə qatıldığını, lakin nəticələrin gözləntilərdən xeyli aşağı olduğunu açıqlayıb. Bildirilib ki, JCP-nin parlamentdəki yerlərinin sayı 8-dən 4-ə düşüb. Səs faizi isə əvvəlki seçkidəki 6,16 faizdən (təxminən 3,5 milyon səs) 4,40 faizə (təxminən 2 milyon 519 min səs) enib.
Okinava 1-ci dairəsində səslərini artırmasına baxmayaraq, partiya mandatını itirib. Rəhbərlik seçicilərə təşəkkür edib, “gözləntiləri doğrultmadığına” görə üzr istəyib və növbəti seçkilərdə toparlanacaqlarına söz verib.
“Müharibə dövləti qurulur”
JCP seçki nəticələrinin Yaponiyada müharibə yönümlü siyasətlərin önünü açdığını iddia edib. Bəyanatda xüsusilə konstitusiyanın 9-cu maddəsinin dəyişdirilməsi və hərbi potensialın artırılması istiqamətində addımların “müharibəyə hazırlıq” olduğu vurğulanıb.
Baş nazir Sanae Takaichi-nin seçki strategiyası da tənqid edilib. Partiya qeyd edib ki, Takaichi seçki prosesini “şəxsi liderlik referendumu”na çevirib və bu müddətdə “Takaichi dalğası” kimi xarakterizə olunan siyasi təsir formalaşıb.
Seçkilər nəticəsində Liberal Demokrat Partiyası və müttəfiqlərinin parlamentdə üçdə iki çoxluq əldə etdiyi, sağ yönümlü digər partiyalarla birlikdə bu üstünlüyün daha da gücləndiyi bildirilib. Əsas müxalifətin isə zəif qaldığı və hakimiyyət blokuna yaxınlaşdığı iddia olunub.
“Xalqın real dəstəyi yoxdur”
Partiya seçki nəticələrinin hakimiyyətin siyasətinə real ictimai dəstəyi əks etdirmədiyini irəli sürüb. Baş nazirin seçki kampaniyası zamanı hərbi genişlənmə, nüvə siyasəti və konstitusiya dəyişikliyi kimi əsas mövzulardan yayınması tənqid olunub.
Həmçinin seçki prosesinin demokratik standartlara uyğun olmadığı vurğulanıb. Parlamentin buraxılmasından seçki gününə qədər cəmi 16 gün vaxt verilməsinin seçicilərin sağlam qərar verməsinə mane olduğu bildirilib.
JCP hakim partiyanın səs payının 36,7 faizdə qalmasına baxmayaraq, seçki sistemi sayəsində parlamentdə böyük üstünlük əldə etdiyini qeyd edərək bunu “süni çoxluq” adlandırıb.
Mübarizə çağırışı
Partiya itkinin səbəblərini geniş şəkildə təhlil edəcəyini və nəticələri Mərkəzi Komitənin növbəti iclasında dəqiqləşdirəcəyini açıqlayıb. “Takaichi dalğası” və digər partiyaların hakimiyyətə yaxınlaşmasının partiyaya ciddi təzyiq yaratdığı qəbul edilib.
JCP rəhbərliyi daha güclü və geniş bazalı partiya quruluşunun vacibliyini vurğulayaraq təşkilati güclənmə və ideoloji təlimlərin sürətləndiriləcəyini bildirib. Gələn il keçiriləcək yerli seçkilərdə uğur qazanmaq hədəfi qoyulub.
Bəyanat vətəndaşlara “avtoritar siyasətlərə qarşı mübarizə” çağırışı ilə yekunlaşıb. Partiya sülhün, demokratiyanın, insan hüquqlarının və sosial rifahın qorunması üçün ictimai hərəkatların gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mövsüm,
AzNews.az