Elçin Əmirbəyov: Meloninin Azərbaycana səfəri Bakı-Roma münasibətlərinə əlavə təkan verəcək

30 Aprel 2026 14:34 (UTC+04:00)

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakı və Roma arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu bildirib.

Aznews.az xəbər verir ki, E.Əmirbəyov bu barədə "La Repubblica"ya müsahibəsində bildirib.

"Bizim ölkələrimiz 2020-ci ildən çoxplanlı strateji tərəfdaşlıqla bağlıdır. İtaliya baş nazirinin Azərbaycana qarşıdan gələn səfəri bunu təsdiqləyir. Hesab edirik ki, bir çox sahələrdə, ilk növbədə İtaliyanın əsas tərəfdaşımız olduğu energetika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün yüksək potensial mövcuddur", - o deyib.

Əmirbəyov qeyd edib ki, 2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr təbii qaz tədarük edib. Bundan əlavə, İtaliya Azərbaycandan neft ixracının əsas istiqamətidir. Onun sözlərinə görə, bütövlükdə, ötən il Avropa İttifaqının (Aİ) 10 ölkəsinə 12,5 milyard kubmetr qaz tədarük edilib, bu da 2021-ci illə (tədarüklərin ilk ili - red.) müqayisədə 53 % çoxdur: "Bazar dəyişkənliyinə və geosiyasi təlatümlərə baxmayaraq, onların sözlərinə görə, Azərbaycan, etibarlı və məsuliyyətli tədarükçü olaraq qalır".

Trans-Adriaktik Qaz Boru Kəmərini (TAP) genişləndirmədən İtaliyaya qaz ixracının artırılması imkanı ilə bağlı suala cavab verərkən o vurğulayıb ki, TAP-ın da bir hissəsi olduğu Cənub Qaz Dəhlizinin cari gücü tamamilə bron edilib və artıq bütün Avropanın enerji arxitekturası kontekstində nəzərdən keçirilir.

Onun sözlərinə görə, genişləndirmənin ilk mərhələsi artıq həyata keçirilir: yanvar ayından TAP illik ötürücülük qabiliyyətini 1,2 milyard kubmetr artırıb, bunun da 1 milyardını İtaliya alacaq. Bununla yanaşı, o qeyd edib ki, ötürücülük qabiliyyətinin hər hansı sonrakı artımı hasilatın və qaz nəqli infrastrukturunun inkişafı üçün əlavə investisiyalar tələb edəcək, bu da şaxələndirməni və enerji təhlükəsizliyini gücləndirərək Aİ-nin strateji maraqlarına uyğun olacaq.

İtaliya-Azərbaycan hökumətlərarası komissiyasının altıncı iclası çərçivəsində əldə olunmuş razılaşmalara toxunan E.Əmirbəyov bildirib ki, ölkələr ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafına dair fəaliyyət planı hazırlamaq barədə razılığa gəliblər.

"Hökumətlərarası komissiya strateji istiqamətləri müəyyən edir. Fəaliyyət planı İtaliya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın inkişafı üçün yol xəritəsi olacaq. O, energetika, "yaşıl keçid", rəqəmsallaşma, investisiyalar, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət daxil olmaqla, 18 prioritet istiqamət üzrə 2026-2027-ci illərdə 65 tədbirin keçirilməsini nəzərdə tutur. Yol xəritəsi artıq hazırdır və konkret, genişmiqyaslı xarakter daşıyır", - o bildirib.

İtaliyaya səfərinin məqsədlərindən danışan E.Əmirbəyov vurğulayıb ki, bu səfər ölkələr arasında fəal siyasi dialoqun dəstəklənməsinə, həmçinin Azərbaycanın Aİ və NATO ilə münasibətləri də daxil olmaqla ikitərəfli, regional və çoxtərəfli gündəliyin əsas məsələləri ətrafında fikir mübadiləsi aparmağa yönəlib. O həmçinin bildirib ki, onun tərəfindən Ermənistanla sülh prosesinin hazırkı vəziyyəti və perspektivlərinə dair qiymətləndirmə təqdim edilib, bu zaman 2026-cı il əvvəlki münaqişənin tamamilə başa çatdırılması və sülhün hüquqi baxımdan rəsmiləşdirilməsi üçün həlledici ola bilər.

E.Əmirbəyov qeyd edib ki, Corcia Meloninin Azərbaycana qarşıdan gələn səfəri bu müzakirələrə əlavə təkan verir.

O həmçinin bildirib edib ki, əməkdaşlığın hazırkı dinamikasının daha bir mühüm göstəricisi Bakıda II İohann Pavelə həsr olunan, 2027-ci ildə başa çatdırılması planlaşdırılan ikinci katolik kilsəsinin inşasıdır: "Bütün bunlar Azərbaycanın multikulturalizmə, dini tolerantlığa və sivilizasiyaların dialoquna sadiqliyini göstərir".

TRIPP ("Tramp marşrutu") layihəsindən danışarkən E.Əmirbəyov vurğulayıb ki, Yaxın Şərqdəki sonrakı eskalasiya regional bağlılıq və enerji infrastrukturu layihələrinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, daha geniş Zəngəzur dəhlizinin bir hissəsi olan TRIPP layihəsi Azərbaycan, Ermənistan, Asiya və Avropa arasında sülhün möhkəmləndirilməsi və nəqliyyat əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, C.Meloni mayın 5-də Azərbaycana birgünlük səfər edəcək.