İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ("ApexBrasil") arasında əməkdaşlıq müzakirə olunub.
Aznews.az xəbər verir ki, Məlumata görə, Almaniyanın Hannover şəhərində keçirilən “Hannover Messe 2026” beynəlxalq sənaye sərgisi çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (“ApexBrasil”) arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Braziliya arasında çoxtərəfli əməkdaşlığa dair Yol Xəritəsi çərçivəsində görülən işlər müzakirə olunub. Xüsusilə Azərbaycan iş adamlarının “Buyers Project” proqramında iştirakı imkanları, investisiya əməkdaşlığının genişləndirilməsi, Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də braziliyalı investorların Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonalara cəlb olunması məsələləri, həmçinin qarşılıqlı investisiya layihələrinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Hannover Messe 2026” sərgisi dünyanın aparıcı sənaye və texnologiya sərgilərindən biri kimi innovativ həllərin təqdimatı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm platforma hesab olunur. Sərgidə Azərbaycanı Ələt azad iqtisadi zonası stendlə təmsil edib.
Əlavə edək ki, “Buyers Project” xarici alıcıları Braziliyaya dəvət edərək yerli şirkətlərlə B2B görüşlər təşkil etməklə ixracın və beynəlxalq biznes əlaqələrinin inkişafını təşviq edən mexanizmdir.