Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunun iştirakçıları ADA universiteti, Asan Xidmət və Dost Mərkəzinə tanışlıq səfəri ediblər.
Aznews.az xəbər verir ki, forumun iştirakçıları sözügedən qurumların fəaliyyəti ilə tanış olublar.
İki gün davam edəcək tədbirdə iştirak edən gənclər kolonializm və neokolonializmin müasir fəsadlarına qarşı mübarizədə gənclərin beynəlxalq həmrəylik şəbəkəsinin və əməkdaşlıq platformasının qurulması, ortaq məqsədlər ətrafında daha sistemli və effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin işlənib hazırlanması istiqamətində fikir mübadiləsi aparacaq.
Forumda ilk dəfə olaraq indiki və keçmiş müstəmləkələri təmsil edən gənc diplomatlar, tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak edəcək.
Ümumilikdə 17 ölkədən qonaqlar ölkəmizlə tanış olacaq, eləcə də öz təcrübələrini bölüşəcəklər. Eyni zamanda, Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar foruma qatılacaqlar. Həmçinin, müstəmləkəçiliyə məruz qalmış ərazilərdə kolonial idarəçiliyə və neokolonial siyasətə son qoyulması, öz müqəddəratını təyinetmə prosesinin, eləcə də BMT-nin Dekolonizasiya siyahısına daxil edilmiş ərazilərin azad olmasının sürətləndirilməsi, digər müstəmləkələrin bu siyahıya daxil edilməsi, eləcə də hazırda müstəmləkə ərazilərində yerli əhalinin üzləşdiyi çoxsaylı problemlər, etnik azlıqlara qarşı repressiv siyasət aparan hökumətlərin təzyiqləri nəticəsində ölkələrini tərk etmək məcburiyyətində qalan gənclərlə bağlı məsələlərin həlli müzakirə ediləcək.