​“Xalqlar arasında etimadsızlıq var, yaralar hələ tam sağalmayıb” – Mübariz Göyüşlü

30 Aprel 2026 22:25 (UTC+04:00)

"Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə psixoloji olaraq hazır olduqlarını düşünmürəm, açıq desək. Çünki istər müharibə, istər antiterror əməliyyatları, ondan sonra ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar və faciələrdən uzun zaman keçməyib, bu yaralar tam sağalmayıb. İnsanlar, xüsusən də azərbaycanlılar arasında ermənilərə qarşı etimadsızlıq yaranıb və “ermənilərə etibar etmək olar” düşüncəsi formalaşmayıb. Xeyr, belə bir şey yoxdur".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi artıq yalnız siyasi danışıqlar çərçivəsində qalmır, daha geniş və çoxsahəli bir mərhələyə keçid edir. Bu yeni mərhələdə əsas məqsəd təkcə sülh sazişinin imzalanması deyil, həm də iki xalq arasında etimad mühitinin yaradılması və uzunmüddətli qarşılıqlı anlaşmanın formalaşdırılmasıdır. Mövcud gedişat göstərir ki, proses həm rəsmi diplomatik səviyyədə, həm də cəmiyyətlərarası təmasların inkişafı fonunda müəyyən praktik addımlarla müşayiət olunur. Bu kontekstdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri də diqqətəlayiq diplomatik siqnallardan biri kimi dəyərləndirilir.

Siyasi şərhçi qeyd edib ki, bu mənada cəmiyyətlərin sülhə psixoloji olaraq hazır olmadığını düşünür. Onun fikrincə, xüsusilə azərbaycanlılar arasında bu hazırlıq daha zəifdir.

"Amma proses davam edir. Sual budur: bu yaxınlaşma necə nəticələnəcək? Yaxın perspektivdə sülh müqaviləsinin imzalanmasına gəldikdə isə, mən düşünürəm ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan özündə siyasi iradə toplaya bilsə, daxili və xarici təzyiqlərə qarşı dura bilsə, sülh müqaviləsinin imzalanması mümkündür. Biz buna artıq çox yaxınıq".

Rəfiqə Namazəliyeva,

AzNews.az