Bu, Avropa strukturlarında korrupsiyalaşmanın mövcudluğunu üzə çıxardı - Oqtay Qasımov

1 May 2026 18:39 (UTC+04:00)

"Keçmiş Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Ocamponun özü və oğlunun iştirak etdiyi bir tədbirdən yayılan videolar diqqət çəkir. Əlbəttə ki, bu, təsadüfi məsələ deyil və nəzərə alsaq ki, Ocampo özü də beynəlxalq erməni diasporu ilə əlaqəli şəxs kimi təqdim olunur və 2023-cü ildən etibarən açıq şəkildə onların mövqeyindən çıxış edir. O, vaxtilə Qarabağda yaşamış ermənilərin hüquqları ilə bağlı iddialar da irəli sürüb. Qeyd edək ki, o, guya hesab edirdi ki, orada baş verənlər “soyqırımı”dır və erməni xalqına qarşı hansısa addımlar atılıb. Əlbəttə ki, bu iddiaların heç bir əsası yoxdur və Azərbaycan hələ o zaman Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası ilə bağlı plan təqdim etmişdi. Bəs bu video nəyi ortaya çıxardı? Bu material Qərb strukturlarında korrupsiya, rüşvət və maliyyə müqabilində maraqların satılması ilə bağlı iddiaları yenidən gündəmə gətirdi. Göründü ki, xüsusilə Avropa strukturlarında korrupsiyalaşma ilə bağlı ittihamlar mövcuddur və orada fəaliyyət göstərən bəzi bürokratların, o cümlədən deputatların təsirə açıq olduğu iddia edilir. Bu, yeni hadisə deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, son günlər informasiya məkanında Luis Moreno Ocampo ilə bağlı yayılan və onun guya Josep Borrell haqqında “komandamın üzvüdür” kimi ifadə işlətdiyini əks etdirdiyi iddia olunan video geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə sürətlə yayılan bu material beynəlxalq siyasi diskursda yeni suallar doğurmaqla yanaşı, onun həqiqiliyi və məqsədi ətrafında ciddi mübahisələr yaradıb. Söhbət sözügedən sabiq prokuror və onun oğlu Tomasın əks olunduğu iddia edilən video görüntülərdən gedir. Yayılan kadrlarda onların öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə kifayət qədər açıq danışdıqları irəli sürülür.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu kimi proseslərlə uzun illərdir üz-üzədir və iddialara əsasən, bu cür şəbəkələr vahid mərkəzdən idarə olunur.

"Ocampo kimi şəxslərin erməni diasporunun maliyyə imkanlarından istifadə edərək müəyyən maraqlara xidmət etdiyi irəli sürülür. Videoda adı keçən Josep Borrellə gəldikdə isə, onun mövqeyi Azərbaycan cəmiyyətində uzun müddətdir müzakirə olunur. Xüsusilə 2020-ci ildən sonra onun Azərbaycanın yaratdığı reallıqlara münasibəti və bəzi çıxışları tənqid predmetinə çevrilib. Bu video, eyni zamanda, belə iddiaların mövcud olduğu şəbəkələrin yalnız bir regionla məhdudlaşmadığını, daha geniş geosiyasi maraqlar fonunda fəaliyyət göstərdiyini göstərir. Bu baxımdan, hesab olunur ki, Azərbaycan bu kimi məsələləri diqqətlə izləməli, diplomatik, informasiya və kommunikasiya sahələrində daha təsirli addımlar atmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az