Bütün yükü məktəb psixoloqlarının üzərinə qoymaq olmaz - Günay Əkbərova

1 May 2026 19:16 (UTC+04:00)

"Bu məsələni səmimi desək, artıq “ayrı-ayrı hadisələr” səviyyəsində yox, sistemli yanaşma tələb edən bir sahə kimi görməliyik. Məktəblərdə psixoloji təhlükəsizlik üçün müəyyən mexanizmlər mövcuddur: psixoloq ştatları, davranış qaydaları, daxili nəzarət sistemləri və s. Amma praktikada bu mexanizmlərin effektivliyi hər yerdə eyni deyil. Əsas problem ondan ibarətdir ki, bəzi hallarda bu sistemlər kağız üzərində daha güclü görünür, real tətbiqdə isə zəif işləyir. Məktəb psixoloqlarının iş yükü çox olur və bu da hər bir şagirdlə fərdi və davamlı işləməyə imkan vermir. Digər tərəfdən, bullinq kimi həssas mövzuların açıq şəkildə müzakirə olunmaması, “məktəbin imicinə zərər gələr” düşüncəsi ilə bəzi halların gizli qalmasına səbəb ola bilir. Amma burada müsbət tərəfi də görmək lazımdır: son illərdə bu mövzu daha çox danışılır, ictimai həssaslıq artır və bu artıq dəyişimin başlanğıcıdır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Qeyd edək ki, son illər məktəblərdə psixoloji mühit və şagirdlərin təhlükəsizliyi məsələsi daha çox müzakirə olunmağa başlayıb. Xüsusilə bullinq halları ilə bağlı yayılan məlumatlar göstərir ki, problem təkcə fərdi hadisələrlə məhdudlaşmır, daha geniş sistemli xarakter daşıya bilər. Rəsmi statistikaların məhdudluğu və bir çox halların ictimaiyyətə çıxmaması isə bu problemin real miqyasını müəyyən etməyi çətinləşdirir. Bəzi valideynlər və şagirdlər məktəblərdə psixoloji təzyiq və zorakılıq hallarının ört-basdır edildiyini iddia edir, məktəb psixoloqlarının fəaliyyətinin isə çox vaxt formal xarakter daşıdığını bildirirlər.

G. Əkbərova qeyd edib ki, dünya təcrübəsi göstərir ki, ən effektiv yanaşma yalnız psixoloqun üzərinə məsuliyyət qoymaq deyil, bütün məktəb mühitini, müəllim, valideyn və şagird münasibətlərini bu prosesə cəlb etməkdir.

"Məncə, daha effektiv nəticə üçün üç əsas istiqamət vacibdir: birincisi, psixoloqların real iş imkanlarının gücləndirilməsi və onların fəaliyyətinin keyfiyyətə əsaslanan şəkildə qiymətləndirilməsi; ikincisi, müəllimlərin bu sahədə maarifləndirilməsi, çünki müəllim çox vaxt problemi ilk görən şəxs olur; üçüncüsü isə şagirdlər üçün təhlükəsiz və anonim müraciət mexanizmlərinin yaradılmasıdır ki, onlar qorxmadan problemlərini bölüşə bilsinlər. Yəni qısa desək, mexanizmlər var, amma onları “işləyən sistemə” çevirmək üçün yanaşmanı bir az daha canlı, şəffaf və insan mərkəzli etmək lazımdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az