“Təbii ki, biz keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik. Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz işğal dövrünü heç vaxt unutmayacağıq”.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı Ermənistana müxtəlif kanallarla müraciət edib: “Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda olarkən onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz yaxınları barədə məlumat gözləyirlər. Bununla belə, cənab Prezidentin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq Dövlət Komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılıb və onların kimliyi müəyyən edilib. Amma hələ də qarşımızda böyük iş durur. Yenə də qeyd etmək istərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar bu işləri görməyiblər. Ən azından onların gördüyü işləri biz qənaətbəxş hesab etmirik. Belə ki, xalqımızın və vətəndaşlarımızın bu məsələdə haqlı gözləntiləri olub”.