​“İranda dövlət idarəetmə sistemi tam şəkildə funksionaldır” – Azad Məsiyev

1 May 2026 21:54 (UTC+04:00)

"Amerika Birləşmiş Ştatlarının İranda apardığı hərbi əməliyyatın fiaskoya uğramasından sonra ABŞ kəşfiyyat orqanlarının nəzarətində olduğu iddia edilən bəzi media qurumları vasitəsilə dezinformasiya yayılır, psixoloji və informasiya müharibəsi genişləndirilir. ABŞ-nin əsas məqsədi İranda hakimiyyət dəyişikliyi edərək özlərinə uyğun siyasi sistem formalaşdırmaq olub. İsraillə birgə aparıldığı iddia edilən əməliyyatların nəticəsiz qaldığı, məqsədlərə çatılmadığı üçün “B planı” işə salınıb. Bu planın mahiyyəti İranda inqilabi vəziyyət yaratmaq, etirazları artırmaq və ictimai narazılığı gücləndirməkdir. Bunun üçün kütləvi informasiya vasitələri və müxtəlif platformalar üzərindən məlumatlar məqsədyönlü şəkildə yayılır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İranda hakimiyyətin faktiki olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbər heyətinin nəzarətinə keçdiyi iddia olunur. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, ölkə daxilində əsas siyasi və təhlükəsizlik qərarlarının formalaşmasında SEPAH-ın rolunun son dövrlərdə daha da gücləndiyi, bəzi strukturlar üzərində təsir imkanlarının genişləndiyi bildirilir.

Siyasi şərhçi qeyd edib ki, nəticədə ölkədə xaos mühiti formalaşdırılaraq hakimiyyət boşluğu yaradılması və bu boşluqdan istifadə olunması hədəflənir.

"İranda dövlət strukturları – xarici işlər nazirliyi, prezident administrasiyası və ali dini rəhbərlik daxil olmaqla – fəaliyyətini davam etdirir. Ölkənin idarəetmə sistemi tam şəkildə funksionaldır. Ali dini rəhbərliklə bağlı müxtəlif dezinformasiya xarakterli məlumatların yayılması da psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilir və məqsəd daxili sabitliyi pozmaqdır. Hörmüz boğazı ətrafında mümkün gərginliklər və iqtisadi təzyiq ssenariləri də İran daxilində sosial və siyasi vəziyyəti gərginləşdirməyə yönəlib".

Rəfiqə Namazəliyeva,

AzNews.az