Minatəmizləmə əməliyyatlarına başlanıldı

23 Sentyabr 2013 10:44 (UTC+04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qaradağ rayonunda inşa olunacaq yeni neftayırma kompleksinin və Səngəçal qəsəbəsində inşa olunacaq yeni qaz terminalının ərazisində minatəmizləmə əməliyyatlarına başlayıb.

Bu barədə APA-ya ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A. Aslanovun sözlərinə görə, bu gün start verilən əməliyyatlar Səngəçal qaz terminalında 240 min, ARDNŞ-nin Qaradağ neftayırma kompleksinin 800 min kvadratmetr ərazisində aparılacaq.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xüsusi sifariş əsasında həyata keçirilir. Əməliyyatlara ANAMA-nın Xüsusi Əməliyyat Qrupu, minaaxtaranları, minaaxtaran itləri və 2 mexaniki minatəmizləyən maşını cəlb olunub.

"Yeni qaz terminalının ərazisində işlərə başlanan zaman 1 ədəd mina tapılıb. Bundan sonra ərazinin yoxlanılması barədə ANAMA-ya müraciət olundu. Ərazidə vaxtı ilə sovet ordusunun mühəndis-istehkam xidmətinin təlim poliqonu olub və müxtəlif döyüş sursatlarının tapılma ehtimalı böyükdür", - deyə A. Aslanov vurğulayıb.

A. Aslanov Qaradağ yeni neftayırma kompleksinin yerləşdiyi ərazidə də keçmiş sovet ordusuna məxsus hərbi hissə və poliqonun olduğunu bildirib.

Orada hazırda sovet ordusundan qalma örtülü mövqelər, səngərlər və təlim sahələri qalır: "90-cı illərin əvvəllərində yerli əhalinin basqınlarının qarşısını almaq məqsədi ilə keçmiş sovet ordusunun hərbi hissələrinin ətrafına minalar döşənib. Azərbaycanı tərk edərkən partlamamış döyüş sursatlarını hara və necə gəldi atıb gediblər. Bu da indi mina və PHS-lərlə bağlı problemlərinin yaranmasına səbəb olur. Ümumiyyətlə Bakı ətrafındakı hərbi hissə və təlim poliqonlarının əhatə etdiyi ərazilərdə mina və PHS təhlükəsi mövcuddur. Zaman-zaman ayrı-ayrı təşkilatlar tərəfindən aparılan işlərdə mina və PHS-lər üzə çıxır".

AzNews.az