Tramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?

3 May 2026 01:55 (UTC+04:00)

Dünyanın ərazisinə və resurslarına görə üç böyük dövlətindən (Rusiya, Çin və ABŞ) ikisi - ABŞ və Çin arasında illərdir davam edən gərginlik səngimir. Bu iki ölkənin dünya liderliyi uğrunda mübarizəsi artıq həlledici mərhələyə daxil olur. Münasibətlər bir neçə əsas istiqamətdə kəskinləşməkdədir. Birinci məsələ iqtisadi və ticaridir - tərəflər arasında ticarət tarifləri və bazara çıxış məhdudiyyətləri ilə bağlı mübarizə gedir. Xüsusilə yüksək texnologiyalı məhsulların ixracına qoyulan qadağalar Pekin tərəfindən kəskin qarşılanır. İkinci məsələ texnoloji rəqabətdir. Süni intellekt, yarımkeçiricilər (çiplər) və 5G texnologiyaları üzərində üstünlük uğrunda yarış gərginliyin nüvəsini təşkil edir. ABŞ Çinin bu sahələrdəki inkişafını milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Digər məsələ Tayvanla bağlıdır. Cənubi Çin dənizi və Tayvan boğazındakı hərbi aktivlik ən həssas nöqtədir. Vaşinqtonun bölgədəki hərbi mövcudluğu və Çinin buna cavab olaraq keçirdiyi təlimlər hərbi toqquşma riskini gündəmdə saxlayır. Diplomatik müstəvidə gərginliyin azaldılması üçün yüksəksəviyyəli telefon danışıqları və görüşlər keçirilsə də, fundamental fikir ayrılıqları hələ də qalmaqdadır. Hazırda münasibətlər "nəzarət edilən rəqabət" formatındadır. Lakin hər iki tərəf strateji maraqlarını qorumaq üçün sərt addımlar atmağa davam edir.

Bütün bu məsələlərə isə mayda aydınlıq gətirilə bilər. Məhz mayda ABŞ Prezidenti Donald Tramp və Çinin Sədri Si Cinpinin tarixi adlandırılan görüşü baş tutmalıdır.

AzNews.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Tramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?

Son on ildə Çinə ilk səfər

Trampın səfəri reallaşarsa, bu, ABŞ prezidentinin son on ildə Çinə ilk səfəri olacaq. Tramp sonuncu dəfə Çinə 2017-ci ilin noyabr ayında səfər edib. Səfərdən əvvəl Çin dövlət mediası ABŞ rəsmilərini çinli həmkarlarını ziyarət etməyə və onlarla qarşılıqlı əlaqədə olmağa dəvət edib. "Global Times"ın məqaləsində ölkələr arasında insanlararası mübadilənin olmaması və ABŞ prezidentinin Çinə uzun müddətdir səfər etməməsinə vurğu edilib. "Tarix dəfələrlə göstərib ki, həm Çin, həm də ABŞ əməkdaşlıqdan qazanır, qarşıdurmadan isə itirir", - deyə bəyanatda bildirilir.

Tərəflər görüşə nikbin yanaşır

Tərəflər də görüşə nikbin yanaşır. Donald Tramp bildirib ki, onun Si Cinpinlə görüşü tarixi əhəmiyyət daşıyacaq. "Çin səfərimiz xüsusi olacaq və potensial olaraq tarixi əhəmiyyət kəsb edəcək. Mən görüşü səbirsizliklə gözləyirəm - çox iş görüləcək", - deyə o qeyd edib. ABŞ prezidenti əlavə edib ki, görüşdə bir çox məsələlər üzrə irəliləyiş əldə olunacağı gözlənilir. Çin Xarici İşlər Nazirliyi isə Trampın səfəri ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Qeyd edək ki, ötən ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində Cinpinlə Trampın görüşündə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın normallaşdırılması ilə yanaşı, liderlərin qarşılıqlı səfərlərinə dair razılıq da əldə olunub.

Tramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?

"Patriot", NASAMS raketləri, dron və artilleriya sistemləri

İstisna deyil ki, gözlənilən görüş ABŞ-nin Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənlik şəraitində keçsin. Silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara "Patriot" və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq.

Tayvan "menyuya düşməkdən" qorxur

Tayvan rəsmiləri isə Trampın Çin lideri ilə görüşü zamanı ada ilə bağlı güzəştlərə gedə biləcəyindən narahatdırlar. Rəsmi Taybey belə ssenarinin qarşısını almaq üçün ciddi şəkildə çalışır. "Bloomberg" yazır ki, Tayvan danışıqlar mövzusuna çevrilməkdən ehtiyat edir. "Biz narahatıq və bunun qarşısını almalıyıq", - deyə Tayvanın xarici işlər nazirinin müavini Fransua Vu deyib. Çin lideri görüşdə çox güman ki, Trampa Tayvanın müstəqilliyinə qarşı çıxaraq adanın statusunu yenidən nəzərdən keçirməyə razılaşması üçün təzyiq göstərəcək. Belə mövqenin şifahi təsdiqi və ya ABŞ siyasətinin rəsmi dəyişdirilməsi Si üçün böyük qələbə olardı. ABŞ-nin Taybeyə adanın statusunun yenidən nəzərdən keçirilməyəcəyinə dair hər hansı zəmanət verib-vermədiyi sualına Vu belə cavab verib: "Heç bir şeyə 100% əmin olmaq mümkün deyil".

Tramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?

Ağ Ev isə Trampın Si ilə "müsbət görüş" gözlədiyini və ABŞ Administrasiyasının Tayvanla münasibətlərə dair "vahid Çin" siyasəti kimi tanınan mövqeyinin dəyişməz qaldığını bəyan edib.

"Panda diplomatiyası"

Maraqlıdır ki, Trampın Si Cinpinlə uzun müddətdir gözlənilən görüşü ərəfəsində Çin simvolik bir jest edərək iki pandanı ABŞ-yə göndərib. Atlanta zooparkı iki yeni sakinin tezliklə gələcəyini rəsmi olaraq elan edib. "Ping Ping" adlı erkək və "Fu Shuang" adlı dişi fərd Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası ilə razılaşma əsasında ABŞ-yə göndəriləcək. Bu yeni razılaşma 2024-cü ildə müddəti başa çatmış əvvəlki razılaşmanı əvəz etmək üçün nəzərdə tutulub. Pandaların dünyanın müxtəlif zooparklarına verilməsi çoxdan Çin üçün "panda diplomatiyası" kimi tanınan güclü bir alətə çevrilib. Bu unikal praktika Pekinə beynəlxalq arenada öz mövqeyini ifadə etməyə imkan verir.

Tramp və Si Cinpinin tarixi görüşü: Dünya iqtisadiyyatının taleyi həll olunur?

Əksəriyyət də bu fikirdədir ki, Trampın Çinə səfəri reallaşarsa, bu, həm iqtisadi, həm də geosiyasi müstəvidə ciddi dəyişikliklərə səbəb olacaq.