Prezident Mursini “Azdrama”nın direktoru devirib?

23 Sentyabr 2013 10:53 (UTC+04:00)
141-ci teatr mövsümü qalmaqalla başladı. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov açdı sandığı, tökdü pambığı.

Dedi ki, "Əli Əmirli mənə bir pyes verdi, 19 səhifə oxudum, heç nə anlamadım..."

Dedi ki, "Elçin Əfəndiyevin pyeslərinə tamaşaçılar dəvətnaməylə gəlir...", yəni bilet almır

Dedi ki, "Kamal Abdullanın "Şah və şair" tamaşasına gələn imkanlı təbəqə onu incitməmək, sözünü yerə salmamaq üçün gəlir".

Dedi ki, "Firuz Mustafanın pyesini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm, yox, bu pyeslərdən birini də tamaşa qoya bilmərik..."

Dedi ki, "Elçin Hüseynbəyli çox yaxşı nasirdir. Amma pyesləri məni qane etmir... Deyir, pis yazırıqsa, bizi yetişdirsinlər. Mən də Elçin Hüseynbəyliyə cavab verdim ki, bura şitillik deyil, səni yetişdirək. Mənə mükəmməl pyes lazımdır..."

Dedi ki, "Hüseynbala Mirələmovun "Xəcalət" pyesi mən teatra gəlməmişdən dörd il əvvəl oynanılıb... Mən də əvvəlki 32 tamaşanı repertuardan çıxarmışdım. Məcbur olub, mövzu, oyun etibarı ilə normal olan tamaşaları bərpa etdim. Bu əsərlərdən biri də "Xəcalət" idi...

Hüseynbala Mirələmovun ikinci – "Gəncə qapıları" əsərinə, həmin pyes dövlət sifarişi ilə tamaşaya qoyulub. Hüseynbala Mirələmovun pyesini "Azərbaycan" jurnalından oxumuşdum, xoşuma gəlməmişdi. Bəhram Osmanova bunu deyəndə, razılaşmadı ki, mən dəyişdirmişəm, pyes düzəlib. Gətirdi oxudum, gördüm, yenə zəifdir..."

Bundan əvvəl də bir dəfə İsrafil İsrafilovdan yazmışdım. Yenə də oxşar mövzuya qayıtmağa məcburam. Vəziyyət tələb edir. Sözü boğa bilmirəm...

Düzü, bu adamın söylədiyində müəyyən həqiqət var. Yəni Azərbaycan dramaturgiyası ümumən böhran yaşayır. Maraqlı müəllif, yaxşı pyes yoxdur, razıyam, lakin qismən. "Azdır" demək daha doğru olar. Amma yaxşı pyesin tamaşaya qoyulacağına da şübhəm var. Bunu elə İsrafil İsrafilov da dolayısı və bilavasitə öz sözləriylə təsdiqləyib.

Ötən dəfə Anarın "Səhra yuxuları" pyesi ilə bağlı verdiyi açıqlama yadınızdadırmı? İsrafil İsrafilov "bu əsər aktual deyil", – demişdi. Hətta Anara "oxucu məsləhəti" də vermişdi.

Durumun komikliyi təkcə onda deyildi ki, Dram Teatrının direktoru Yazıçılar Birliyinin sədrinə "ağıl verirdi". Həm də ondaydı ki, xəyali bir Şərq ölkəsində diktaturaya qarşı müqaviməti əks etdirən əsəri İsrafil İsrafilov tullantı ədəbi məhsul sayırdı. Üstəlik, indi dövrdə. Tunis, Misir, Liviya, Suriya, Bəhreyn, yenə də Misir inqilab və əks-inqilabları dönəmində...

İsrafil İsrafilova mənim şəxsi şübhəm də məhz bu məqamdan qaynaqlanır. Elə sadaladığımı nəzərə aldıqda "Səhra yuxuları" niyə səhnə quruluşu verilməsin? Məgər Misirdəki hərbi çevriliş fonunda Anarın pyesi aktual deyil? Yoxsa İsrafil İsrafilov general Sissinin kadrıdır? Bəlkə, prezident Mursini də İsrafil İsrafilov devirib?

Dərindən düşündükdə məmurlaşmış teatr direktorunun xofu anlaşılır. Elə buna istinadən Azərbaycan teatrının digər əsas problemi də üzə çıxır – direktor və baş rejissor ikihakimiyyətliyi.

Sağlam məntiqlə İsrafil İsrafilov teatrın inzibati müşkülləri ilə qayğılanmalı, səylərini onların həllinə yönəltməlidir. Tutalım, mebeli inventarlaşdırmalı, dekorasiya üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinə nəzarət etməli, nə bilim, zalda dəlik-deşik varsa, ora siçan zəhəri tökdürməlidir... və s. və i.a. Amma gerçəkdə direktorlar baş rejissorun mahiyyətcə yaradıcı olan işinə müdaxilə edir, öz şərtlərini diktə edirlər. Elə İsrafil İsrafilov kimi.

İkinci müdaxilə də Mədəniyyət Nazirliyindən gəlir. Nazirlik dövlət sifarişli tamaşaları teatrların repertuarına salır. Heç nə soruşmadan, rəy öyrənmədən. Əslində, haqqı var, çünki teatr dövlətindir, pulu da o verir. Amma elə o, yəni dövlət qurumu – Mədəniyyət Nazirliyi teatra kommersiya tamaşalarını səhnələşdirmək imkanı verməlidir. Amma vermir axı...

Buna şərait yaradılsaydı, sağlam məntiqlə İsrafil İsrafilov təhsil nazirindən şikayətlənməzdi. Və əslində şikayətlənməsinin özü də haqsızdır. Çünki orta məktəb "Sədərək" bazarı deyil.

Buna şərait yaradılsaydı, 20 ildir dövlətin boynundan asılı qalmış, gözü dövlətin cibində qalmış teatrın işıqpulu borcu yığılıb qalmazdı.

...Mən sonuncu cümləni yazanda təhtəlşüurum yerindən atılıb qışqırdı. "Əşşi, Mədəniyyət Nazirliyi yaxşı eləyib şərait yaratmır. Hardadı elə sponsor, elə kommersant ki, teatra pul ayıra, qazanc güdən tamaşa səhnələşdirə?! Firuz Mustafa düz deyir də, "sponsorlar tamaşaya yox, aktrisaya pul xərcləyir..."

Hə, bu dəlil qarşısında mən lal-karam. Bilmirəm, öz xəcalətimdən, yoxsa Hüseynbala Mirələmovun "Xəcalət"indən.

AzNews.az