"Xaricdə təhsil məsələsi Azərbaycanda əsasən bir neçə istiqamət üzrə həyata keçirilir. İlk növbədə, dövlət proqramları çərçivəsində xaricə göndərilən tələbələr var. Bu kateqoriyaya daxil olan şəxslər xüsusi seçim mərhələlərindən keçərək təhsil alır və onların üzərinə müəyyən öhdəliklər qoyulur. Digər qrup isə SAT və TOEFL kimi beynəlxalq imtahanlardan keçərək nüfuzlu universitetlərə qəbul olunan tələbələrdən ibarətdir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin imtahanlarında uğur qazana bilməyən, lakin attestatla xarici ali təhsil müəssisələrinə qəbul olanlar da mövcuddur. Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin əsas öhdəliyi təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq qazandıqları bilik və təcrübəni tətbiq etməkdir. Bu müddət bakalavrlar üçün adətən 5 il, magistrlər üçün 3 il, doktorantlar üçün isə daha uzun dövrü əhatə edir. Lakin digər kateqoriyadan olan tələbələr üçün belə bir məcburi qayıdış tələbi yoxdur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, müasir dövrdə bir çox gənc gələcək peşə imkanlarını genişləndirmək, daha rəqabətli əmək bazarında üstünlük qazanmaq və beynəlxalq təcrübə əldə etmək məqsədilə xaricdə təhsil yolunu seçir. Qloballaşan dünyada xarici universitetlərdə oxumaq daha çox imkan, fərqli mühit və perspektivlər vəd edən cəlbedici seçim kimi görünür. Lakin bu yol hər zaman gözlənilən nəticəni və peşəkar uğuru təmin etmir, çünki uğur yalnız diplomla deyil, həm də uyğunlaşma bacarığı, ixtisasın əmək bazarında dəyəri və şəxsi inkişafla birbaşa bağlıdır.
Ekspert qeyd edib ki, nəticədə xaricdə uğur qazanan bəzi gənclər ölkəyə qayıtmır və bu da “beyin axını” problemini aktuallaşdırır.
"Digər tərəfdən, bəzi hallarda yerli ali məktəblərə qəbul olmaqda çətinlik çəkən abituriyentlər daha aşağı reytinqli xarici universitetlərə üz tuturlar. Bu seçim bəzən təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə, həmin məzunlar ölkəyə qayıtdıqdan sonra diplomlarının tanınmasında çətinliklərlə üzləşir və ya əmək bazarında özlərinə uyğun yer tapa bilmirlər. Buna baxmayaraq, həm dövlət proqramı ilə, həm də fərdi təşəbbüslə nüfuzlu universitetlərdə təhsil alıb geri qayıdan və uğurlu karyera quran gənclər də mövcuddur. Ümumilikdə isə əsas ümidlər keyfiyyətli təhsil alaraq ölkəyə töhfə verən bu kateqoriyaya yönəlir".
Rəfiqə Namazəliyeva,
AzNews.az