"Bu məsələ təhsil siyasətinin incəlikləri və onun tətbiq səviyyəsi ilə bağlıdır. Təhsil sahəsində vəziyyət digər sahələrlə müqayisədə daha şəffaf, daha uğurlu və daha məqsədyönlü hesab olunur. Lakin bununla yanaşı, gənclərin əsas problemi işsizlik və ixtisaslarına uyğun iş tapa bilməmələridir. Bu səbəbdən ali təhsilli şəxslərin müəyyən bir hissəsi əmək bazarında özlərinə yer tapmaqda çətinlik çəkir. Bu vəziyyət Azərbaycan əmək bazarının qismən azad olması, həmçinin qeyri-rəsmi münasibətlərin – tapşırıq, tanışlıq və qohumluq əlaqələrinin – karyera və gəlir imkanlarına təsir göstərməsi ilə də bağlıdır. Nəticədə gənclərin bir qismi diplomu yalnız formal vasitə kimi qəbul edir və düşünür ki, şəxsi əlaqələr vasitəsilə müəyyən mövqelərə yüksələ bilərlər. Lakin bu yanaşma uzunmüddətli perspektivdə dayanıqlı deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, dünya sürətlə transformasiya olunur. Süni intellekt artıq təkcə texnoloji yenilik deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, kosmik tədqiqatlar isə nəzəri çərçivədən çıxaraq real tətbiq mərhələsinə daxil olub. Bu dəyişikliklər fonunda cəmiyyətlərin fokus nöqtəsi də yenilənir, prioritetlər isə daha innovativ istiqamətlərə yönəlir. Buna baxmayaraq, bizdə ictimai debatların bir qismi hələ də gündəlik, səthi mövzular və vizual təsir yaradan məqamlar ətrafında cəmlənir.
Sosioloq qeyd edib ki, zaman keçdikcə və texnologiyalar inkişaf etdikcə uğur daha çox bilik, bacarıq və onların düzgün tətbiqindən asılı olur.
"Müasir dövrdə alternativ bilikləri birləşdirə bilən, texnologiyalardan səmərəli istifadə edən şəxslər daha çox irəliləyir. Bununla yanaşı, şəxsi iradə, psixoloji dayanıqlıq və zamanın düzgün idarə olunması da mühüm rol oynayır. Yalnız bilik kifayət etmir; onu tətbiq etmək bacarığı və davamlılıq da vacibdir. Əks halda insan potensialına baxmayaraq, nəticə əldə edə bilmir. Təəssüf ki, bəzi hallarda görüntü üzərində qurulan davranışlar, özünü reklam etmək və real bacarığı olmayan üstünlük iddiaları müəyyən mərhələyə qədər təsirli olsa da, uzunmüddətli nəticə vermir. Real bilik və real bacarıq hər zaman üstün gəlir. Bu baxımdan gənclərin yanaşması dəyişməli, pedaqoqların üzərinə də mühüm məsuliyyət düşməlidir. Təhsil sistemində bəzən təsadüfi şəxslərin və ya mövzunu dərindən bilməyənlərin dərs keçməsi kimi problemlər müşahidə olunur. Bu da “tapşırıq mədəniyyətinin” təhsilə sirayət etməsi kimi qiymətləndirilə bilər. Əsas problem şəffaflıq, effektiv pedaqoji idarəetmə və təhsilin praktik nəticələrə yönəlməsidir. Bu üç istiqamət müasir təhsil sisteminin əsas dayaqlarını təşkil edir. Azərbaycan gəncliyi böyük potensiala malikdir. Statistik olaraq bu, təxminən 2,5–3 milyon insan deməkdir. Bu güc yeni texnologiyalara, innovasiyalara və müasir bilik sistemlərinə daha açıq olmalıdır. Gələcək gənclərə məxsusdursa, onun istiqamətini də onlar müəyyən edəcəklər. Bu isə birbaşa təhsilin keyfiyyətindən və texnoloji bacarıqlardan asılıdır. Bu məsələlər sosioloqlar tərəfindən daha dərindən araşdırılmalıdır. Sistemli yanaşma və komanda işi ilə bir çox problemlərin praktik həlli mümkündür. Eyni zamanda uzunmüddətli – 10–15 illik strateji planlaşdırma vacibdir. Biz yalnız qlobal proseslərin arxasınca getməməli, öz inkişaf xəttimizi də aydın şəkildə müəyyən etməliyik. Gənclərin karyera, özünüifadə və sosial inkişaf imkanları bu strategiyanın əsas hissəsini təşkil etməlidir. Azərbaycan gəncləri həm ölkə daxilində, həm də xaricdə özlərini göstərmək potensialına malikdirlər, lakin daxildə bu potensial bəzən obyektiv və subyektiv səbəblərdən tam reallaşmır. Bu, həm mühafizəkar düşüncə tərzi, həm də müəyyən sosial davranış problemləri ilə əlaqəlidir. Bir tərəfdən ənənələrdən danışılır, digər tərəfdən isə bu ənənələr pozulur; bir tərəfdən modernlikdən bəhs edilir, digər tərəfdən isə formal yanaşmalar üstünlük təşkil edir. Bu ikili yanaşma cəmiyyətin müxtəlif sahələrində, xüsusilə gənclər arasında qeyri-müəyyən və qeyri-sabit davranış formaları yaradır. Nəticədə bu vəziyyət iqtisadi inkişafı da zəiflədir, rəqabət mühitini məhdudlaşdırır və sosial gərginliklərə yol açır. Nəticədə insanlar özlərini ifadə etməyə çalışsalar da, çox vaxt çətinliklər qarşısında geri çəkilir və mübarizə əvəzinə “yola vermə” strategiyasını seçirlər. Bu isə ciddi sosial problemdir. Bu problemlər həll oluna bilər. Bunun üçün həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı istiqamətdə sistemli dəyişikliklər aparılmalı, sosial-iqtisadi düşüncə tərzi yenilənməlidir. Dövlətin və idarəetmə orqanlarının bu istiqamətdə rolu böyükdür. Lakin eyni zamanda insan kapitalının inkişafı, müasir düşüncə tərzi və açıq rəqabət mühiti də formalaşdırılmalıdır. Əks halda cəmiyyətin inkişaf tempi zəifləyir, innovasiya və rəqabət mühiti isə zəifləyərək ümumi dinamikanı aşağı salır".
Rəfiqə Namazəliyeva,
AzNews.az