Artıq bir aydır ki, YouTube platformasında şəxsi kanalımda analitik məqalələrimi özüm səsləndirərək təqdim edirəm. Mən jurnalistəm, Youtuber deyiləm və olmaq niyyətim də yoxdur. Bu layihənin konsepsiyası sadədir: insanlar adətən yazılı şəkildə oxuduqları təhlilləri bu dəfə müəllifin öz dilindən eşitsinlər. Bu müddət ərzində texniki çətinliklər, müəyyən çatışmazlıqlar qaçılmaz oldu. Amma ilkin nəticələr göstərir ki, bu format özünü doğruldur və müəyyən təkmilləşdirmə də aparsam, daha da populyarlaşacaq. Eyni zamanda, bu bir ay mənə əvvəllər o qədər də diqqət etmədiyim çox sayda nüans göstərdi. Açığı, bu nüansların bir qismi düşündürücü deyil, narahatedicidir. Bu narahatçılığımı bölüşmək istəyirəm.
Əvvəla, Youtube kontent və başlıq arasındakı balansı qətiyyən qorumur. Başlıqlarda şişirtmə qaçılmazdır. Bu, analitik veriliş üçün ciddi problem yaradır. Çünki klik edən izləyici hay-küy dalınca gəlir, amma peşəkar analiz görəndə aradan çıxır.
İkincisi, Youtube alqoritmləri ilk 30 saniyəni, daha sonra izləyicinin kanalda saxlanılmasını əsas götürür. İlk baxışda məntiqlidir, amma ciddi problemdir. Çünki tələskən izləyicini efirdə saxlamaq üçün dəqiqəbaşı "yem" atmalısan. Nəticədə, analizlə yox, "diqqət ovu" ilə məşğul olmalısan.
Üçüncüsü, bu sistem dərinliyi yox, reaksiyanı "mükafatlandırır". Soyuqqanlı yanaşmalar yox, emosional partlayış daha çox populyarlaşır.

Amma bunlar hələ "toya getməli" nüanslardır. Youtube məhsulu ümumiyyətlə yaymaya bilər. Məsələn, ABŞ prezidenti Donald Trampın UNO-larla bağlı məxfi məlumatlarını açıqlamaq barədə bəyanatını şərh etsən, "məxfi" ifadəsini filtirdən keçirməyəcək ki, burada konspiroloji yönləndirmə ola bilər. Zira, həmin filtir söyüş kontentinə tətbiq edilmir. Səbəb odur ki, alqoritm keyfiyyəti yox, dediyim kimi, reaksiyanı ölçür. Reaksiya isə çox vaxt səs-küydən gəlir, məzmundan yox.
Əsas sual da burada yaranır: Youtube cəmiyyətləri hara yönəldir? Çox təəssüf ki, dayazlığa, hay-küyə, manipulyasiyaya, dezinformasiyaya və düşünən yox, "boooy" qışqıran kütləyə!
Bütün bunlar istənilən bir cəmiyyəti deqredasiyaya uğratmaq imkanındadır. Bəs, çıxış yolu nədir? Orqanizm özünü o zaman viruslardan qoruya bilir ki, immun sistemi güclü olsun. İndiki kontekstdə cəmiyyətimizin immun sistemi ənənəvi telekanallardır.
Əgər auditoriyanı televiziyalara və saytlara qaytara bilməsək, bizim bir cəmiyyət olaraq ideoloji sistemimiz üçün çox böyük təhlükə yaranacaq. Çox sadə bir misal deyirəm. Bu gün AMEA-nın Tarix və Etnologiya İnstitutu Şah İsmayılla bağlı konfrans keçirib, Azərbaycan Səfəvi dövlətinin mərhum tədqiqatçısı Oqtay Əfəndiyevi anıb. Bu gün axşam efirlərdə mövzu Şah İsmayıl, Oqtay Əfəndiyev, Oqtay Əfəndiyevin yetişdirdiyi alimlər olmalı idi. Həm də veriliş elə formatda efirə çıxmalı idi ki, tamaşaçı onu izləməkdənsə Youtube-də qeybət videolarına baxmağı üstün tutmasın.
Gəldiyimiz nöqtədə ən böyük paradoksa baxaq. Biz YouTube-u bir çox hallarda bəyənmirik, tənqid edirik (səbəblərini sadaladım), amma mübarizəni məhz onun içində və onun diktə etdiyi qaydalara əsasən aparmalı oluruq. Deməli, oyuna çıxan andan uduzuruq. Azərbaycan toplumunun enerjisi, maddi və intellektual gücünün sosial şəbəkələrdə sovrulmaması üçün platforma məzmuna tabe etdirilməlidir. Bu isə ictimai dəyəri "like" ilə ölçənlərin başına görə deyil.
Taleh ŞAHSUVARLI