İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Fars körfəzindəki gəmilərə etdiyi hücumlar səbəbindən dünya bazarında neftin qiyməti təqribən 6% bahalaşıb.
AzNews.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verir.
"Brent" markalı xam neft füçerslərinin dəyəri 6.27 dollar (+5.8%) artım göstərərək bir barel üçün 114.44 dollara yüksəlib. ABŞ-nin WTI neftinin qiyməti isə 4.48 dollar (+4.4%) bahalaşmaqla bir barel üçün 106.42 dollar səviyyəsində qərarlaşıb.
Qeyd olunur ki, bu artım bazarın regiondakı vəziyyətin kəskinləşməsinə reaksiyasıdır. "Reuters" qeyd edir ki, son 24 saat ərzində İranın həyata keçirdiyi hücumlar aprel ayının əvvəlində ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsdən sonra baş verən ən ciddi eskalasiyadır.
"Eurasia Group" şirkətinin analitikləri vurğulayırlar ki, Hörmüz boğazından gəmilərin hərəkətinin bərpasına dair razılaşma əldə edilmədiyi təqdirdə, neftin bir barelinin qiyməti 100 dollardan yüksək səviyyədə qala bilər. Belə olan halda, ABŞ-də benzinin dəyəri iyun ayınadək bir qallon üçün beş dollara çatma ehtimalı daşıyır. Kaliforniya ştatında isə yanacağın qiyməti artıq bir qallon üçün altı dollara yaxınlaşmaqdadır.