Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqe və riyakar yanaşma artıq təkcə siyasi bəyanatlarla deyil, konkret faktlarla da üzə çıxmağa başlayır.
Özünü “demokratiya və dəyərlər müdafiəçisi” kimi təqdim edən bu qurumun əslində hansı maraqlar şəbəkəsinin təsiri altında hərəkət etdiyi son ifşalar fonunda daha aydın görünür.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun və onun ətrafının Azərbaycan əleyhinə kampaniyanı müzakirə etdiyi video materiallar göstərir ki, məsələ heç də prinsip və dəyərlərdən getmir.
Əksinə, burada erməni lobbisinin, bəzi Avropa siyasətçilərinin və müxtəlif maliyyə dairələrinin iştirak etdiyi planlı və çoxşaxəli təzyiq mexanizmi formalaşdırılıb.
Bu faktlar bir daha sübut edir ki, Avropa Parlamentinin Azərbaycana qarşı sərgilədiyi mövqe obyektivlikdən uzaqdır və ikili standartlara əsaslanır.
Ortaya çıxan yeni materiallar isə bu riyakarlığın pərdəarxasını açaraq, siyasi qərarların necə manipulyasiya olunduğunu açıq şəkildə nümayiş etdirir.
AzNews.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:

“Avropa Parlamentinin riyakarlığı, ikiüzlülüyü, başdan-ayağa korrupsiyaya və rüşvətə qurşanması artıq məlum faktdır. Bu qurumun ölkəmizə qarşı ikili standartlarla yanaşması və növbəti dəfə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi də həmin reallığın davamıdır.
Ermənistandakı separatçıları dəstəkləməklə, əslində, həmin quldurların, vəhşilərin və cinayətkarların cinayət ortağı olduqlarını bir daha nümayiş etdirirlər. Xocalı soyqırımını törədən, Qarabağı və Şərqi Zəngəzuru otuz il ərzində talan edən, bir milyondan çox soydaşımızı öz vətənində didərgin salan qüvvələrin tərəfini saxlamaq və onlarla həmfikir olmaq artıq Avropa Parlamentinin iç üzünü açıq şəkildə ortaya qoyur.
Bu baxımdan, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı tamamilə dayandırması haqlı və düzgün addım kimi qiymətləndirilməlidir”.
Deputat əlavə edib ki, Azərbaycan dövləti beynəlxalq hüquqa hörmətlə yanaşan, eyni zamanda balanslaşdırılmış siyasət həyata keçirən bir dövlətdir:
“Ölkəmizin iqtisadi və siyasi qüdrətinin getdikcə artması fonunda Avropa Parlamentinin Azərbaycana qarşı səsləndirdiyi bu cür iftiraların heç bir təsir gücünə malik olmadığı gün kimi aydındır. Buna görə də belə yanaşmalardan narahat olmağa əsas yoxdur”.