"Paşinyan 2018-ci ildə Ermənistanda baş verən məxməri inqilab nəticəsində hakimiyyətə gəlib. ABŞ və Avropa İttifaqı həmin dövrdə prosesi demokratik dəyişiklik kimi qiymətləndirib. Bu illər ərzində Paşinyan mərhələli şəkildə Qərbyönlü siyasi kurs həyata keçirib. Onun siyasətinin nəticəsi olaraq Ermənistan Rusiya platformalarından uzaqlaşır və zaman-zaman Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətində addımlar atır. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakın zəiflədilməsi və Müstəqil Dövlətlər Birliyinin toplantılarına aşağı səviyyəli nümayəndələrin göndərilməsi bu tendensiyanın göstəricisi kimi qiymətləndirilir. Bu isə Ermənistanın Rusiya təsirindən uzaqlaşaraq Qərbyönlü siyasəti gücləndirdiyini göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair sənəd imzalanıb. Sazişin imzalanması Ermənistan Prezidentinin iqamətgahında keçirilən rəsmi mərasimdə baş tutub və tərəflər arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu elan edilib.
Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistanda daxili siyasi gərginlik müşahidə olunur.
"Yaxın zamanda parlament seçkilərinin keçirilməsi ölkədə siyasi rəqabəti daha da artırıb. Paşinyanın hakimiyyətdən gedəcəyi halda yeni siyasi proseslərin başlayacağı ehtimal olunur. Bu kontekstdə ABŞ başda olmaqla Qərb ölkələri və Avropa İttifaqı Paşinyana həm siyasi, həm də iqtisadi dəstək göstərir. Onun hakimiyyətdə qalması həmin siyasi kursun davamı üçün vacib hesab olunur. Bu məqsədlə müxtəlif ölkələrin rəsmiləri Ermənistana səfərlər edir, ikitərəfli və çoxtərəfli görüşlər keçirilir. Məqsəd Paşinyan hökumətinin davamlılığını təmin etmək və seçki prosesində ona dəstək vermək kimi qiymətləndirilir. Eyni zamanda Ermənistanda hakimiyyətin əsas mənbəyi ilə bağlı müzakirələr də aparılır. Bəzi yanaşmalara görə, ölkədə siyasi qərarların formalaşmasına Vaşinqton, Brüssel və Moskva kimi mərkəzlər təsir göstərir. Fransa son dövrlərdə Ermənistanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir. Prezident Emmanuel Makronun bu proseslərdə xüsusi rol oynadığı qeyd olunur. Fransada erməni diasporunun təsiri də Ermənistan–Fransa münasibətlərinin inkişafına təsir edən amillərdən biridir. Ümumilikdə Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə marağı artıb və regionun geosiyasi proseslərdə daha fəal rol aldığı müşahidə olunur. Bu yanaşma regionun Rusiya ilə münasibətlərinə də təsir edir. Eyni zamanda Gürcüstanla bağlı da Avropa İttifaqı ilə münasibətlərdə gərginlik elementləri qeyd olunur. Azərbaycanla bağlı Avropa strukturlarında qəbul edilən bəzi qərarlar isə Bakı tərəfindən tənqidi qarşılanır. Bu proseslər Cənubi Qafqaz regionunda siyasi rəqabətin artması fonunda qiymətləndirilir. Nəticə olaraq, Paşinyanın xarici siyasəti müxtəlif güc mərkəzləri arasında balans yaratmağa yönəlsə də, bu siyasətin regionda əlavə gərginlik yaratdığı barədə fərqli yanaşmalar mövcuddur. Ermənistanın qonşu ölkələrlə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması regionda sabitlik üçün vacib amil kimi göstərilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az