"Həqiqətən də təhsil istiqamətində mühüm irəliləyişlər müşahidə olunur və beynəlxalq təcrübədə müsbət nəticə vermiş bir sıra layihələr artıq Azərbaycanda da tətbiq edilməyə başlanıb. Bunlardan biri də elektron diplom və attestatların verilməsidir. Bununla bağlı əvvəlki aylarda Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilib ki, artıq diplom və attestatların məzunlara elektron formada təqdim olunması həyata keçiriləcək. Bu, mühüm və müsbət təşəbbüsdür, çünki əvvəlki illərdə bu sahədə müəyyən problemlər mövcud idi. Məsələn, bakalavr təhsilini Azərbaycan ali təhsil müəssisələrində başa vuran məzunlar universiteti iyun ayında bitirsələr də, diplomlarını bəzən oktyabr ayında əldə edirdilər. Elə hallar olurdu ki, tələbələr xarici universitetlərə müraciət edərkən diplom tələb edilirdi, lakin diplom hazır olmadığı üçün yalnız arayış təqdim olunurdu və bu sənədlər də hər zaman qəbul edilmirdi. Nəticədə bu vəziyyət tələbələrin xüsusilə magistratura təhsili və beynəlxalq müraciət proseslərində müəyyən çətinliklər yaradırdı. Artıq elektron sistemə keçidlə bu problemlərin aradan qaldırılması nəzərdə tutulur. Belə ki, məzunlar vaxtında QR kod vasitəsilə təsdiqlənmiş elektron diplom və attestatlarını əldə edə biləcəklər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda müxtəlif sahələrdə gedən rəqəmsallaşma prosesi təhsil sisteminə də ciddi şəkildə təsir göstərir və bir sıra yeniliklərin tətbiqinə şərait yaradır. Bu dəyişikliklərdən biri də diplomların elektron formata keçididir. Artıq məzunlara kağız sənəd əvəzinə elektron diplomların verilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu yenilik həm işə qəbul proseslərində, həm də təhsil sahəsində daha operativ və çevik idarəetmə imkanları yaradır. Bununla yanaşı, proseslə bağlı müxtəlif suallar və müzakirələr də gündəmdə qalır.
Ekspert qeyd edib ki, sistem vasitəsilə sənədlər rəqəmsal formada bazaya yerləşdiriləcək və istifadəçilər istənilən vaxt həmin sənədlərə çıxış əldə edə biləcəklər.
"Bu təcrübə beynəlxalq praktikada da mövcuddur və xüsusilə Türkiyə də daxil olmaqla bir çox inkişaf etmiş ölkələrdə tətbiq edilir. Bu sistemin əsas üstünlüklərindən biri saxta diplomların dövriyyəsinin qarşısının alınmasıdır. Eyni zamanda, əmək bazarında işəgötürənlər üçün diplomların yoxlanılması daha sürətli və asan olacaq. Məzunlar isə artıq diplom gözləmək üçün uzun müddət itirməyəcək, sənədlərini dərhal elektron formada təqdim edə biləcəklər. Bu yanaşma həm vaxt itkisinin qarşısını alır, həm də məzunların əmək bazarına və ya təhsilin növbəti pilləsinə daha tez çıxışını təmin edir. Eyni zamanda işə qəbul proseslərində sənədlərin yoxlanılması QR kod vasitəsilə daha etibarlı şəkildə həyata keçiriləcək. Bu da saxta diplomların təqdim edilməsi kimi halların qarşısını alır. Ümumilikdə bu təşəbbüs təhsil sistemində şəffaflığın artırılması və korrupsiya risklərinin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Beynəlxalq təcrübədə də bu model geniş tətbiq olunur və müsbət nəticələr verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az