"Real Madrid"in forvardı Kilian Mbappe ilə komandanın məşqçilər korpusunun nümayəndəsi arasında insident baş verib.
AzNews.az xəbər verir ki, məlumatı "The Athletic" portalı yayıb.
Xəbərə görə, hadisə aprelin 24-də keçirilən "Betis"lə qarşılaşmadan (1:1) öncə yaşanıb. Belə ki, məşq zamanı futbolçunun ofsayd vəziyyətində olduğunu bildirən kluba məxsus əməkdaş Mbappenin qəzəbli və təhqiramiz sözlərinə məruz qalıb.
Mayın 5-də isə fransalı ulduzun Vinisiusun satılmasını klub rəhbərliyindən tələb etdiyi barədə xəbərlər yayılıb. Jurnalist Fransua Qalyardonun sözlərinə görə, oyunçunun anası Fayza Lamari "Real"ın prezidenti Florentino Peresə oxşar tələblə müraciət ünvanlayıb. Vinisiusun komandada qalacağı təqdirdə Mbappenin klubu tərk edəcəyi vurğulanır.
Qeyd edək ki, 2026-cı ilin aprel ayının sonlarında hücumçunun sol bud əzələsində zədələnmə qeydə alınıb. Aldığı travma səbəbindən o, mövsümün qalan matçlarında iştirak etməyə bilər.
Hazırkı mövsümdə 27 yaşlı forvard 24 qolla İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir. Ümumilikdə isə o, bütün turnirlər çərçivəsində "Real" forması ilə keçirdiyi 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə verib. Mbappe 2024-cü ilin yayından "qaymaqlılar"ın şərəfini qoruyur. Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalına əsasən, futbolçunun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.