Marko Rubio: "Çin İrana qlobal iqtisadiyyatı girov saxlamamalı olduğunu deməlidir"

6 May 2026 00:33 (UTC+04:00)

ABŞ-nin Dövlət katibi Marko Rubio keçirdiyi brifinqdə Çinə səfər edən İranın xarici işlər naziri Abbas Əraqçi ilə bağlı mühüm açıqlamalar verib.

Rubio rəsmi Pekinin iranlı diplomata bölgədəki gərginliklə bağlı sərt mesajlar verəcəyinə ümid etdiyini bildirib.

Dövlət katibi vurğulayıb ki, Çin rəhbərliyi Əraqçiyə Hörmüz boğazında baş verənlərin İranı qlobal miqyasda təcrid etdiyini açıq şəkildə çatdırmalıdır. Rubionun sözlərinə görə, Tehranın boğazda gəmiləri partlatması, minalar yerləşdirməsi və qlobal iqtisadiyyatı faktiki olaraq girov saxlaması qəbulolunmazdır.

"Mən ümid edirəm ki, çinlilər istər gizli, istərsə də birbaşa şəkildə bu mesajı onlara çatdıracaqlar: 'Siz bu vəziyyətdə mənfi tərəfsiniz. Gəmiləri partlatmamalı, minalar döşəməməli və dünya iqtisadiyyatını təhdid etməməlisiniz'", — deyə Rubio qeyd edib.

ABŞ-nin bu çağırışı Vaşinqtonun İranın bölgədəki hərəkətlərinə qarşı Çinin nüfuzundan istifadə etmək cəhdi kimi qiymətləndirilir. Rubio bu mesajın birbaşa çatdırılmasının vacibliyini xüsusi vurğulayaraq, Tehranın beynəlxalq normalara hörmət etməli olduğunu bildirib.

Mövsüm,

AzNews.az