"Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bildirib ki, ümumi bal göstəriciləri keçən illə müqayisədə cəmi 1–2 bal aşağı düşüb. Lakin bu halda sual yaranır: əgər ümumi azalma bu qədər cüzidirsə, niyə maksimal nəticə göstərənlərin sayında ciddi fərq var? Məsələn, ötən il 45 nəfər 300 bal topladığı halda, bu il bu göstərici 11 nəfər təşkil edib. Əgər nəticələrdə aşağı tendensiya müşahidə olunursa, bu fərq digər bal aralıqlarında da özünü göstərməlidir. Rəsmi statistik məlumatlar yalnız aidiyyəti qurumun əlində olduğundan, bu barədə qəti fikir söyləmək çətindir. Bu səbəbdən, ən doğru yanaşma ümumi statistikanın ictimaiyyətə təqdim olunması olardı".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi-nin rəhbəri Məleykə Abbaszadə “Asan TV”yə müsahibəsində buraxılış imtahanlarının nəticələrinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu il üzrə ümumi göstəricilər ötən illə müqayisədə ciddi fərqlənmir və orta balda cüzi — təxminən 1–2 bal həcmində azalma müşahidə olunur. Abbaszadə bildirib ki, Naxçıvanda keçirilən imtahanların nəticələri də açıqlanandan sonra yekun statistikada müəyyən dəyişikliklər baş verə və orta göstərici bir qədər yüksələ bilər. O, həmçinin vurğulayıb ki, imtahan nəticələri əvvəlcədən aparılan təhlillər əsasında proqnozlaşdırılır və mövcud nəticələr gözlənilən çərçivəyə uyğundur. Sədrin sözlərinə görə, 11-ci sinif üzrə buraxılış imtahanı verənlərin nəticələri adətən onların 9-cu sinifdə göstərdiyi göstəricilərlə oxşarlıq təşkil edir və bu mərhələdə nəticələrdə maksimum 20–40 faiz civarında artım qeydə alınır.
Ekspert qeyd edib ki, bu halda müxtəlif bal aralıqları üzrə müqayisə aparmaq mümkün olar.
"Məsələn, ötən il 250–300 bal aralığında nəticə göstərənlərin sayı ilə bu ilin göstəriciləri, eləcə də aşağı bal toplayanların sayı müqayisə edilə bilərdi. Bu cür müqayisə imtahanların çətinlik dərəcəsi və nəticələr arasındakı real fərqi daha aydın şəkildə ortaya qoyardı. Hazırda isə yalnız “1–2 bal fərq var” kimi ümumi ifadə ilə kifayətlənmək müəyyən suallar doğurur. Əgər rəsmi açıqlamalara əsaslansaq, bu il ballarda ciddi artım və ya azalma gözlənilmir. Nəzərə almaq lazımdır ki, blok imtahanlarının nəticələri də ümumi bala təsir edir. Bununla belə, yekun və obyektiv nəticəyə gəlmək üçün tam statistikanın açıqlanması vacibdir. Şəxsi qənaətimə görə, bu il buraxılış imtahanları ötən illə müqayisədə daha çətin olub və bu da ümumi nəticələrə müəyyən təsir göstərib. Lakin bu fikrin əsaslandırılması üçün əvvəlki illərlə cari ilin statistik göstəricilərinin açıq şəkildə müqayisəsi təqdim olunmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az